Bir az da ördək olaq

20:00 10-07-2019 553

Qan Turalı yazır...

Eldar Quliyevin çəkdiyi, amma az məşhur olan bir film var: “Ən vacib müsahibə”. Ssenarisini Maqsud İbrahimbəyov yazıb. Filmin baş qəhrəmanı Zaur (Hacımurad Yegizarov) jurnalist kimi film boyu öz işi ilə məşğul olur, amma bir tərəfdən də onun gündəlik iş ritmi jurnalisti həyatın mənasından uzaqlaşdırır.

Geridə unudulmuş sevgili, biganə doğmalar qalır. Və sonda məlum olur ki, ən vacib müsahibə insanın özü ilə söhbətidir, öz sevdiklərinə zaman ayırmasıdır, gündəlik həyatın qovhaqovunda ruhunu xatırlamasıdır. Filmdə Fuad Poladovun kiçik olsa da, yaddaqalan bir rolu var. 

“Spoiler” vermək istəmirəm, amma bu filmin nəyə görə az məşhur olmağının da sirri buradadır. Öz zamanından xeyli əvvəl çəkilmişdi, zamanı qabaqlamışdı. Bəlkə də o zaman çox da əhəmiyyətli olmayan bir problem idi, ya da indi daha çox əhəmiyyətlidir.

Arada filmi açıb bəzi səhnələrinə yenidən baxıram. “Black mirror” serialının son sezonunda isə bu filmi anbaan, kadrbakadr xatırladım. “Black mirror” adından da məlum olduğu kimi, qara güzgüdür, texnikanın inkişafı fonunda həyatımızın necə bozlaşdığını göstərir.

Serialda qəhrəman məşhur sosial media şirkətində işləyən bir nəfəri girov götürüb şirkətin qurucusu ilə danışmaq istədiyini deyir. Çünki onun həyatını sosial şəbəkələr məhv edib. Söhbət serialın ikinci seriyasından gedir. Yenə də “spoiler” verməyəcəm, rahat olun. Bitirəndə yazıya bir də qayıdarsınız.

Sosial şəbəkələr bizə fərqli bir gerçəklik təqdim edir. Bu barədə “ördək sindromu” adlı bir anlayış yaranıb. Ailə kinoya getməlidir, ər arvadı gecikdiyinə görə danlayır, sonra tıxac olur, tıxacda da yenə arvad danlanır. Film yaxşı olmur, bu dəfə danlanan kişi olur. Əsəbi vəziyyətdə evə qayıdırlar.

Bəs, bu hadisə sosial şəbəkədən necə görünür? Əldə popkorn, kino biletləri və xoşbəxt ailə mənzərəsi. Siz isə evdə pijama ilə oturmusunuz, bu xoşbəxt fotoya baxırsınız, deyirsiniz ki, insanlar əylənir, mən isə tənhayam, “yıkıkım”, hüzünlüyəm, təkəm, yazığam, kədərliyəm. Halbuki o fotodakı insanlar sizdən daha tənhadırlar. 

Bəs, ördək söhbəti haradan çıxıb? Siz ördəklərə baxanda onların heç bir enerji sərf etmədən suda üzdüyünü görürsünüz, halbuki onlar ayaqlarını hərəkət etdirərək üzürlər. Amma bu kənardan görünmür.

Bir alman filmi vardı, deyəsən, “Oskar” da almışdı. Söhbətə çox aiddiyyəti yoxdur, amma adı çox yaxşıdır: “Özgələrin həyatı”. Başqalarının ördək həyatına baxa-baxa biz özümüzü uduruq, öz dramımızı yaşaya bilmirik. Göstəriş dünyasında yaşayırıq, yalançı təzahürlər dünyasında...

Ona görə də ördəklərə qıraqdan baxmaq yerinə, ördək olub göldə üzmək gərəkdir. Çirkin ördək yavrusu bir gün dönüb qu quşu olar. Amma bu, əsla yalanlara sarılmaqla olmaz. Bu, gerçəyin gözünə dik baxmaqla mümkündür. Ən vacib müsahibənin özümüzlə söhbət olduğunu da anlamaqla...