Bakıda banklardan yarım milyon manatdan çox pul çıxaran əcnəbilər məhkəməyə müraciət etdi

17:40 13-03-2020 403

Bakı Apellyasiya Məhkəməsində Azərbaycanda kibercinayətkarlıq yolu ilə bank hesablarından pul oğurlamaqda təqsirləndirilən Rusiya Federasiyasının vətəndaşı Lunin Pavel Sergeyeviç və Ukrayna vətəndaşı Serb Andriy Borisoviçin barəsindəki hökmdən verilən şikayət üzrə məhkəmə prosesi başlayıb.

HerGun.Az xəbər verir ki, hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilən ilkin baxış iclasında apellyasiya şikayətinin dəlilləri araşdırılıb. 

Məhkəmə prosesi növbəti həftə davam etdiriləcək. 

Qeyd edək ki, ötən ilin mayında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətlərinin birgə yaydığı məlumata əsasən, bank məlumatlarının və əməliyyatlarının elektronlaşdığı müasir dövrdə informasiya texnologiyalarından mütəşəkkil istifadə edilməklə banklarda olan vəsaitlərin ələ keçirilməsi meyillərinin də artması müşahidə olunur. 2018-ci ilin may ayında müxtəlif formal şirkətlər yaradılmaqla və onların bank hesabları açılmaqla Azərbaycan banklarından alınan POS-terminallardan istifadə etməklə kibercinayətkarlıq yolu ilə əcnəbilərin bank hesablarından milyonlarla manat vəsaitin yerli banklardakı qeyd olunan hesablara, həmin hesablardan isə MDB ölkələrindəki müxtəlif hesablara köçürülməsi yolu ilə talanması, yerli banklara əsassız daxil olmuş vəsaitlərin dəyərinin qeyd olunan xarici vətəndaşlara qaytarılması nəticəsində yerli banklara maddi ziyan vurulması barədə məlumatlar daxil olub.

Qeyd olunan məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində bu cinayət əməllərini törətməkdə şübhəli bilinən Rusiya Federasiyasının vətəndaşı Lunin Pavel Sergeyeviç və Ukrayna vətəndaşı Serb Andriy Borisoviç müəyyən edilərək saxlanılıb, onlara məxsus bank hesablarında olan vəsaitlər müəyyən edilərək dondurulub, müvafiq əməliyyatların həyata keçirilməsinin qarşısı alınıb.

Lunin Pavel Sergeyeviç və Serb Andriy Borisoviç Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 272-ci (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs 12 il müddətinə azadlıqdan məhrum edilib.