Dörd uşaq anasının qayınatası və qayınanasına görə intihar etməsinə RƏSMİ MÜNASİBƏT

17:20 18-03-2020 381

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bir neçə gün öncə intihar etdiyi bildirilən dörd uşaq anası, 29 yaşlı Günay Şəmilovanın qayınatası və qayınanası tərəfindən işgəncələrə məruz qalaraq öldürülməsi haqqında yayılan məlumatlara münasibət bildirib.

Qeyd oilunub ki, bu hadisə ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Daxili İşlər Nazirliyi, Ağcabədi rayon İcra Hakimiyyəti və aidiyyəti qurumlarla əlaqə saxlayaraq, məsələnin hazırki durumu haqqında məlumat alıb.

Daxili İşlər Nazirliyinin verdiyi məlumata əsasən, şübhəli bilinən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və aidiyyəti istintaq işləri aparılır.

Məsələnin humanitar (sosial-ictimai) aspektləri ilə bağlı Ağcabədi rayon İcra Hakimiyyətinin Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun və Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyasının nümayəndələri ailəyə baş çəkib, mövcud vəziyyətlə maraqlanıblar.

Uşaqların hazırki psixoloji durumu qiymətləndirilərək onların mənafeyinin qorunması istiqamətində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur. Məsələ Komitənin və regiondakı Uşaq və Ailələrə Dəstək Mərkəzinin diqqətindədir.