Bank hesablarını məsafədən də aça biləcəyik

17:36 12-07-2019 846

Azərbaycanda bank hesablarının məsafədən açılması mümkün olacaq.

Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına əsasən, “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları”nın təsdiq edilməsi nəticəsində müəyyən edilən bu prosedur bank sistemində rəqəmsallaşma sahəsində innovativ həllərin daha geniş formada tətbiq edilməsinə, habelə ölkədə maliyyə inklüzivliyinin gücləndirilməsinə müsbət təsir göstərəcək. 

Yeni prosedura əsasən, rezident və qeyri-rezident hüquqi və fiziki şəxslər bank hesablarının məsafədən açılması imkanı əldə edir. Bank hesablarının məsafədən açılması zamanı açılacaq hesabın növündən və bu hesab üzərindən həyata keçiriləcək ödəniş əməliyyatlarının məbləğindən asılı olaraq müxtəlif yanaşmalar müəyyən edilib.

Məsafədən bank hesabları gücləndirilmiş elektron imza, videogörüntü, müvafiq informasiya resursunda autentifikasiya kimi üsullardan istifadə edilməklə açıla bilər.