Küçələrdə yağış barmaqlıqları oğurlanır - VİDEO

14:40 23-04-2020 417

Bakı küçələrində yağış sularının kanalizasiya xəttinə axıdılması üçün qoyulan dəmir barmaqlıqlar oğurlanb.

HerGun.Az xəbər verir ki, bu fakt vətəndaş tərəfindən qeydə alınmış görüntülərdə öz əksini tapıb.

Kadrlar paytaxtın Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində çəkilib. Vətəndaş bildirir ki, dəmir barmaqlıqları oğurlayırlar:

“Əraziyə sanki baxan yoxdur. Dəmir barmaqlıqları oğurlayıb satırlar. Maşınlar, piyadalar keçir. İnsanlar ehtiyatsızlıqdan xəsarət ala bilər, avtomobillər qəzaya düşə bilər”.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli saytımıza açıqlamasında bildirib ki, qısa zamanda sözügedən ərazidə qeydə alınan problem həll olunacaq:

“Ərazidə qısa zamanda yeni yağış barmaqlıqları qoyulacaq. Təəssüf ki, zaman-zaman paytaxtın müxtəlif istiqamətlərində bu kimi hadisələr yaşanır. Yağış suları üçün qoyulan barmaqlıqlar ağır metal olduğu üçün oğurlanaraq, satılır. Bununla bağlı polisə müraciət edirik. Əksər hallarda həmin şəxslər müəyyənləşdirilərək məsuliyyətə cəlb olunurlar.

2-3 il bundan qabaq bənzər hadisə paytaxtın Ziya Bünyadov prospektində də qeydə alınmışdı. Yağış suları üçün qoyulan barmaqlıqlar kütləvi səkildə oğurlanmışdı. Lakin həmin şəxslər qısa zamanda müəyyənləşdirilmişdi”.

Könül Cəfərli