Komitə sədri onları Heydər Əliyevin məzarı önündə təzim etməyə çağırdı

14:00 12-06-2020 529

“1991-ci ildə Heydər Əliyev Milli Məclisin binasına daxil olanda ümummilli liderin hesabına karyera qazanan qocaman bir deputat irəliyə çıxıb etiraz etdi. Bax, bu salonda mənəvi ustadına dönüklüklə dedi ki, iki dövrün qəhrəmanı olmaq mümkün deyil! Söhbət, əlbəttə, Sovet İttifaqı və müstəqil Azərbaycanın bir-birindən fərqli formasiya olmasından gedirdi. Lakin Heydər Əliyev sübut etdi ki, millətinə xidmət edərkən hansı ideoloji quruluşa mənsub olmağın heç bir fərqi yoxdur. Yetər ki, sənin böyük idealların olsun!”

HerGun.Az-ın xəbərinə görə, bunu Milli Məclisin iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

O bildirib ki, 1993-cü ilin 15 iyununda Azərbaycan Heydər Əliyevin əli ilə xilas olundu.

“Ötən 27 ildə milyonlarla insanımız bu haqda danışır, yazır, göstərir. O vaxtlar hələ “Daş yuxular”ı görməyən və Prezident sarayında - rəhbər qarşısında birinci şəxsə xeyli təriflər yağdıran yazıçı Əkrəm Əylisli böyük hərflərlə yazırdı ki, Azərbaycan “xaos diktaturası”ndan xilas oldu”, - deyə Z.Oruc əlavə edib.

Deputatın fikrincə, indi həmin əsəri tapıb yenidən çap etmək lazımdır: “Gerçək tarix və əlyazmalar yanmasın!”

Komitə sədri deyib ki, AXC hakimiyyəti kiçik bir əyalətə çəkilib, dövləti öz sahibinə qaytardı:

“Əbülfəz Elçibəyin bütün həyatı boyunca, məcburən də olsa, ən düzgün addımı məhz bu qərarı olmuşdu. Lakin Heydər Əliyevin Bakıya qayıdışı təkcə 1991-ci ildə müstəqilliyini elan edən Azərbaycanı deyil, 1918-ci ildəki Cümhuriyyətimizi, üçrəngli bayrağımızı, Demokratik Respublikanın qurucu liderləri olan Rəsulzadəni, Xoyskini, Topçubaşovu da xilas etdi.

Ən sonda indi sağ qaldıqları üçün böyük liderə borcunu onun ruhu ilə döyüşməklə qaytaran Elçibəy ardıcıllarını da ölümdən qurtardı.

Komitə sədri qeyd edib ki, 1993-cü ilin iyun hadisələrinin baş qəhrəmanı Surət Hüseynov 27 illik susqunluqdan sonra indi müsahibə verir. Millət vəkili söyləyib ki, S.Hüseynov onu hərbi qəhrəmandan xalq düşməninə çevirən demokratlara qəzəbini yağdırır, onları öz adı ilə çağırır:

“Adam bir anlıq düşünür ki, nə yaxşı, AXC iqtidarı minlərlə vətəndaşımız kimi Ermənistana əsir düşməyib. Yoxsa, tarixdə olduğu kimi, onları hansı adla çağırardılar? Məğlubiyyətlərini qələbə, faciələrini nailiyyət kimi təqdim edən qüvvələrin Heydər Əliyevin hakimiyyətə gəlişinə nəzəri olaraq mane olmaq imkanları vardı. Bundan ötrü bircə yol mövcud idi - dövləti qurmaq və qorumaq. Lakin ilahi ədalət o missiyanı Heydər Əliyevə nəsib etdi.

Rəsulzadə və silahdaşları dövləti qurmaq istəyirdilər, gücləri çatmadı, Elçibəy istəyirdi dövlət qursun, bacarmadı. Heydər Əliyevsə gəldi, gördü və qurdu! Bax, bu salon şahiddir ki, məhz xalqın qəzəbi və nifrəti qarşısında 13 iyun 1993-cü ildə istefaya getməyə məcbur olan İsa Qəmbər, həqiqətən Elçibəyin varisidirsə, gedib ulu öndərin qarşısında təzim etməlidir. Çünki Heydər Əliyev Xalq Cəbhəsinin rəhbərlərini təkcə polkovnik Surət Hüseynova girov düşmək təhlükəsi və rüsvayçılığından qurtarmamışdı.

Eləcə də, Elçibəyin dəfn törəninə qatılıb böyük patriarxa xas müdrikliklə özünü ona siyasi rəqib sayanlardan yerlə-göy qədər uca olduğunu nümayiş etdirmişdi. Qoy indi Elçibəyin davamçıları gedib Fəxri Xiyabanda öz borclarını qaytarsınlar”.

Aqşin Kərimov