Qurban Qurbanov texniki məğlubiyyətdən danışdı

22:20 20-10-2018 29

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “ev”də “Səbail”ə 1:0 hesabı ilə qalib gəldikləri, lakin adı protokolda olmayan oyunçunu meydana buraxdıqları üçün texniki məğlubiyyətlə nəticələnəcək görüş barədə danışıb.

HerGun.Az xəbər verir ki, o, burada ən böyük səhvi özlərində gördüklərini bildirib:

"Əlbəttə ki, bütün məşqçilər buna baxmalıdır. Amma hakimlər də futbolçu meydana girən zaman protokola baxmalıdır. Bəlkə kənar adam gəlib oturub. Əlbəttə ki, ən böyük səhv özümüzdədir. Protokolu hamı yoxlamalıdır.

Biz səhv etmişik. Amma yanımızda 11 futbolçu oturur. Bundan sonra köməkçilər daha diqqətli olacaqlar. İstəmərəm ki, digər klublarda da belə olsun. Fikrimcə, hakimlər də diqqətli olsalar, hamıya kömək etmiş olarlar. 

Futbolçular 90 dəqiqə əziyyət çəkirlər. Məğlubuyyətin əvəzini çıxmaq olar. Amma onların əziyyətinə heyfim gəlir. Siyahıya 23 futbolçu yazanda aləm dəyir bir-birinə. Həm legioner, həm gənc oyunçu limitinə baxmalısan. Hər kəs diqqətli olmalıdır. Bu gün texniki məğlubiyyət versinlər. Amma gələcəkdə başqa klubda belə hal olsa, ona məğlubiyyət verilməsinin tərəfdarı deyiləm".

O, "Qarabağ"da ikinci dəfədir belə hal yaşanmasından da danışıb:

"Keçən dəfə legioner limitini pozmuşduq. Riçard Almeydanı daha tez buraxmışdıq. Sadəcə, yerlərdə səhv etmişdik. Amma Abbas Hüseynov yerli futbolçudur. Onun adının yazılmaması taledir. Onu əvvəllər 60-65 dəqiqə oynatmağı düşünürdük. Amma zədədən yeni qayıdıb". 

Səbuhi MUSAYEV