Marketoloq Ruslan Həsənzadə: Çox adam elə bilir ki, “Instagram”da bir şəkil paylaşmaqla piar işi bitir

11:09 24-07-2019 62

Müasir dövrdə qısa zamanda geniş auditoriyada tanınmaq və uğur əldə etmək informasiya texnologiyalarının, xüsusilə də sosial medianın populyar olduğu vaxtda elə də çətin deyil. Lakin fərdi şəxslərin, ictimai və özəl qurumlarının tanıdılması üçün düzgün piar və marketinq strategiyası  əsas şərtdir.

Sosial mediadan doğru şəkildə istifadə edərək hədəfə çatmaq üçün nə etməli? Bu suallarımıza cavab tapmaq üçün internet marketoloqu, marketinq və satışda 12 illik təcrübəyə malik Ruslan Həsənzadə ilə söhbətləşdik.

- Əvvəlcə sizi tanıyaq.

- İqtisad Universitetini bitirmişəm. Elə tələbəlik illərindən işləməyə başladım. Universiteti bitirdikdən sonra müxtəlif işlərə çalışsam da, 2007-cu ildən marketinq sahəsinə marağım daha da artdı. Elə o vaxtdan  sahə üzrə çalışıram. Bakıda marketinq şirkəti açdım. 2015-ci ildə işimlə əlaqədar Moskvaya getdim və şirkətin orada fəaliyyətini davam etdirməsi üçün qərar verdim. Hazırda işlərimin bir hissəsi Moskvada davam edir.

- Marketinq məsləhətçisi kimdir? Marketinq məsləhətçisi hansı vəzifələri həll edə bilər?

- Marketinq işləri və strategiyası istehsalçı şirkətlərə gəlir verən, həm də istehlakçıları razı salacaq məhsul istehsalı ilə nəticələnən prosesdir. Məlumdur ki, marketinq – ingilis dilində “market” sözündən götürülüb, bazar mənasını verir. Azərbaycan dilinə hərfi tərcüməsi “bazarda fəaliyyət” deməkdir. Bir şirkət komandasında öz sahələrinin mütəxəssisləri olan insanlar çalışır.

Mütəxəssis mütəmadi olaraq bir şirkət üçün çalışdıqda, ümumi bazar barədə dolğun məlumatı olmursa, bazarda gedən prosesləri düzgün dəyərləndirə bilmir. Bundan sonra şirkətin rəhbəri marketinq məsləhətçi tapmaq qərarına gəlir. Marketoloqun işi şirkətdəki zəif cəhətləri tapmaq, mövcud vəziyyəti təhlil etmək, məhsula fərqli tərəfdən baxmaqdır. Bu da istehlakçı davranışını yaxşı başa düşməyə kömək edir və bir çox digər funksiyaları yerinə yetirir, hamısı işin xüsusiyyətlərindən asılıdır.

- Marketinq məsləhətçisi necə işləyir və onun fəaliyyəti nə qədər vaxt çəkir?

- Bir məsləhətçinin işi istənilən formatda baş verə bilər – şəxsi görüş, zənglər, müştərinin şirkətinə getmək, elektron poçtla əlaqə və sair. İş bir saatdan başlayaraq məsələ həll olunana qədər davam edə bilər. Məsləhətçi müştərinin ehtiyacları üçün bir strategiya hazırlayır, onun həll yollarını göstərir və yerinə yetirir. Bu, bütün göstəriciləri olan yazılı bir hesabat - audio, video şəklində ola bilər.

- Marketinq məsləhətçisi ilə nə vaxt əlaqə qurmaq lazımdır? Ştatda öz marketoloqunuz varsa, buna ehtiyacınız varmı?

- Başlanğıcda olduğunuz zaman bir məsləhətçi ilə əlaqə qurmaq məsləhətdir. Çünki bu zaman daha az maliyyə itkiniz olacaq. Çox vaxt bir məsləhətçiyə müraciət etmirlər, çünki bunun bahalı olduğunu və ödəməyəcəyini düşünürlər. Ancaq bu, belə deyil. Yaxşı bir mütəxəssis işləyən zaman  büdcəyə qənaət edilir.

- Ruslan bəy, Azərbaycanda marketinq sahəsinə maraq hansı səviyyədədir?

- Müasir dövrdə bazarda yaxşı mövqeyə sahib olmaq üçün mütləq şəkildə gedən prosesləri düzgün dəyərləndirmək lazımdır. Bunun üçün isə işini bilən peşəkar marketoloqlarla əməkdaşlıq etmək lazımdır. Sevindirici haldır ki, Azərbaycanda bu sahəyə maraq böyükdür. Biz tələbə olarkən Avropa, ABŞ və Rusiya təcrübəsini öyrənib, şirkətlərin fəaliyyətinə müsbət təsir edən marketoloqların iş prinsipləri ilə maraqlanırdıq.

Qeyd edim ki, marketinq XX əsrin əvvəllərində ABŞ-da yaranıb və digər ölkələrə yayılıb. Marketinqin tətbiqi tələbatın və qiymətin intensiv öyrənilməsi və satışının təşkili, reklamdan geniş istifadə edilməsini, istehlakçılara texniki və digər xidmət növlərinin göstərilməsini və sair həyata keçirməyi nəzərdə tutur. Düşünürəm ki, gələcəkdə ölkəmizdə bu sahədə mütəxəssislərin sayı daha da artacaq və rəqabət güclənəcək.

- Əsasən, kimlərlə işləyirsiniz?

- Artıq on ildən çoxdur ki, bu sahə ilə məşğulam. Bu illər ərzində çoxsaylı şirkət və fərdi şəxslərlə uğurlu əməkdaşlıq olub. Zaman keçdikcə mən və komandam müştərilərin etibarını qazanmışıq. Hazırda ölkədə müxtəlif sahələrdə fəaliyyət göstərən bir çox tanınmış şəxslər, eləcə də brend şirkətlərlə işləyirik.

- Heç kimə sirr deyil ki, marketinq sahəsində son dövrlər rəqəmsal (digital) marketinq daha məşhurdur. Bilirik ki, siz bu işlə də məşğul olursunuz.

- Bəli. Bu gün sosial şəbəkələr marketinqin bir hissəsinə çevrilib. İstənilən şəxs və ya şirkət öz səhifəsini açmaqla fəaliyyətini geniş auditoriyaya çatdıra bilər. Bu gün sosial şəbəkələr içərisində “Instagram” daha populyardır deyə, işlər onun üzərində gedir.

Odur ki, “Instagram”da daha çox tanınan insanların izləyici kütləsini artırmaq, onları tanıtmaq üçün bəlli strategiya qurur, onun əsasında müştərilərlə əməkdaşlıq edirik.

Beləliklə, onların izləyicilərinin sayı artır, reytinqləri yüksəlir.

- Sizə müraciət edən çoxdurmu? Hər müştəri ilə işləyirsinizmi?

- Az müştəri ilə işləməyə üstünlük verirəm. Burada əsas məsələ kəmiyyət yox, keyfiyyətdir. “Instagram”da “direct” vasitəsilə kütləvi məktublar göndərilir.

Qeyd edim ki, müştəri daha çox “Instagram”da piarının aparılmasına üstünlük verir. Bu proses kənardan asan görünsə də, əslində zəhmət və vaxt tələb edən prosesdir. Bütün gün ərzində bu istiqamətdə işlər görülür. Elə olur ki, piar işləri gecədən-səhərə kimi vaxt aparır. Müxtəlif təbəqədən olan insanlarla işləyirik. Onların əksəriyyəti öz fikri və ideyası olan və onların reallaşması üçün istəklərini bizə bildirən insanlar olur.

Qeyd edim ki, bizə şou-biznes sahəsindən də müraciət edənlər olur. Onların əksəriyyəti şou-biznesə yeni addım atan, qısa müddətdə “ulduz” olmaq istəyən gənc müğənnilər olur. Tanınmış olmayan şəxslərlə əməkdaşlığa başlayan zaman onun “mənəm-mənəm” deməsi ilə razılaşmırıq. Onlar üçün fəaliyyətdən çox, məşhurluq önəmlidir.

Təbii ki, əməkdaşlıq barədə söhbət edərkən bizim də öz şərtlərimiz var. Müştəriyə şərtlər barədə danışırıq. Əslində, şərtlərimiz çətin deyil, onlar birbaşa müştərinin xeyrinədir.

Şərtlərlə müştəri razılaşmasa, müqaviləni ləğv edirik. Çox adam elə bilir ki, “Instagram”da şəkil paylaşmaqla iş bitir, amma elə deyil. Orada görülən işlər çoxdur. Tanıtım barədə haradansa eşidib danışan var, amma çoxları bilmirlər nədən danışırlar. Daha çox “Youtube”, “Instagram” sosial şəbəkələrində işləyirik.

- Bəs prosesin özü necə həyata keçirilir?

- Sosial şəbəkələrdə bir fərdin və ya qurumun tanıdılması üçün kütləvi məktub göndərmək çətin işdir. Hər hesabdan 50 məktub göndərmək olar. Günə 15 min məktub göndəririk ki, o da 300 “akkaunt” edir. Onun sms təsdiqi çətin olur deyə, çox adam bunu etmir. Ancaq hər halda qarşımıza qoyduğumuz hədəfə çatırıq.

Elə müştəri var ki, illərdir, uğurla işləyirik. Eləsi var, dörd ay bizimlə işləyir, sonra razılaşmır ki, niyə artıq pulu buna verim? Altı  aydan sonra səhifəsində izləyici sayı azalanda yenidən bizə müraciət edərək  işləmək istədiyini söyləyir. Biz həmin səhifələrin izləyici sayını artırırıq, səhifəyə maraq və oxucu sayı artır. Lakin bu, müəyyən vaxt tələb edir. Bəzən müştərilər səhifə izləyicilərinin sayının xaricilərdəkindən az olduğunu bildirirlər, öz səhifələrini xaricdəki hansısa səhifə ilə müqayisə edirlər. Bu mövzudan danışanda ölkənin əhalisinin və sosial media istifadəçilərinin də sayını nəzərə almaq lazımdır. Əlbəttə ki, sosial media istifadəçi sayları hər ölkədə fərqlidir. Ölkəmizdə on milyon əhali yaşayır, Türkiyədə 80 milyon.

- Oxucularımıza nə tövsiyə edərdiniz?

- Cəmiyyətdə uğur qazanmaq, istehsal etdiyi məhsulu və ya fəaliyyətini geniş auditoriyaya çatdırmaq üçün marketinq strategiyası və bu sahənin mütəxəssislərinin tövsiyələrindən faydalansınlar. Çağdaş dövrümüzdə sosial media demək olar ki, bütün sahələri, o cümlədən, marketinq sahəsini əhatə edir.

@ruslan_hasanzade
Veb: www.ruslanhasanzade.com
Tel: +994 50 275 11 11; +7 903 275 11 11