Dünya Bankı Azərbaycanda 100 milyonluq proqramı maliyyələşdirə bilər

15:00 24-07-2019 529

Azərbaycanda özünüməşğulluq proqramının gücləndirilməsi məqsədilə Dünya Bankı ilə razılıq əldə edilib.

Bunu HerGun.Az-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli bildirib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti və nazirlik tərəfindən həyata keçirilən özünüməşğulluq proqramı vacib məsələlərdən biridir:

“Bizim qurum bir neçə il əvvəl bu tədbirlərə pilot layihə olaraq Beynəlxalq Əmək Təşkilatı ilə başlayıb. O zaman bu proqrama qoşulanların sayı 30 nəfərdən ibarət olub. Amma sonralar Azərbaycan hökuməti bu miqyası genişləndirməyi qərara aldı. Bu məqsədlə işsizlikdən sığorta fonduna yığılan vəsaitlərdən pul ayrıldı.

Cari il ərzində rekord sayda, təxminən 10 min nəfərin bu proqrama qoşulması nəzərdə tutulub. Müşahidə etdik ki, bu proqram gözəl nəticələr verir, yəni insanların məşğulluğu təmin olunur və bizim beynəlxalq tərəfdaşlarımız da bu prosesə cəlb olunmaq istədiklərini ifadə etdilər. Biz bunu alqışlayırıq və artıq Dünya Bankı ilə danışıqlar aparıb, razılıq əldə edilib”.

Nazir müavini vurğulayıb ki, ayrılacaq vəsait hesabına bu göstəricinin daha da artırılması nəzərdə tutulur:

“Konkret məbləğ və say danışıqlar mövzusudur. Yekunda qərar veriləcək”.

Qeyd edək ki, Dünya Bankı Azərbaycana “Azərbaycanda Məşğulluğa Dəstək” adlı layihəni reallaşdırmağı təklif edir. İlkin dəyəri 100 milyon manat olan layihənin əsas məqsədi həssas qrupa aid insanları özünüməşğulluğa cəlb edib, gəlir əldə etmək imkanlarını yaxşılaşdırmaqdır.

Bu layihə üzrə razılıq əldə olunsa, Dünya Bankının Direktorlar Şurası kreditin ayrılması məsələsinə gələn ilin birinci rübündə baxa bilər.

İlhamə Əbülfət