Milyonlar vergidən necə yayındırılır? – Karqoların pin-kod tələbi

21:24 15-06-2019 957

“Bakının "Binə" və "Sədərək" Ticarət mərkəzlərində işləyən sahibkarların vergidən yayınmasının qarşısını almaq üçün tədbirlər görülür”. Bunu jurnalistlərə açıqlamasında Vergilər Nazirliyinin İqtisadi təhlil və ekspertiza departamentinin baş direktoru Natiq Şirinov bildirib.

Onun sözlərinə görə, bu obyektlərdə mallar sənədsiz satılıb ki, bu da dövriyyələrin şəffaflaşmasına ciddi əngəllər yaradıb: "Prezident İlham Əliyev idxal-ixrac sahəsində şəffaflaşmanın təmin olunması ilə bağlı sərəncam imzalayıb. Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Maliyyə və İqtisadiyyat Nazirlikləri tərəfindən də müvafiq addımlar atılıb.

Hazırda karqo şirkətləri sırf daşımaçılıqla məşğuldurlar. Ölkəyə idxal olunan mal və məhsullar faktiki sahibkarın adına rəsmiləşdirilir. Bu da ölkə boyu dəyər zəncirinin qorunmasında olan əngəllərin aradan qaldırılmasına imkan verir. Yəni mallar karqo şirkətləri tərəfindən idxal olunur. Onlar daşımaçılıqdan öz mənfəətini əldə edirlər. Həmin mallar faktiki sahibkarların öz adına rəsmiləşdirildiyinə görə, növbəti mərhələlərdə dövriyyələrin şəffaflaşması həyata keçirilir. 2019-cu ilin ilk 5 ayında həm dövriyyələrin şəffaflaşması, həm də elektron qaimələrlə rəsmiləşməsinin artırılması hesabına daxilolmalarda ciddi artımlar olub".

Maraqlıdır, "Binə" və "Sədərək" Ticarət mərkəzlərində işləyən sahibkarların vergidən yayınması mümkündürmü? Əgər mümkündürsə, məsuliyyəti kim daşıyır?

“Tək bir mağazaya görə, 250 manat vergi ödəyirəm. Üstəgəl, mağazada olan lampaların sayına görə, elektrik enerjisinə, kondisionerə görə, ayrıca pul ödəyirəm. Hətta avtomobillə bazara gəlib-gedən sahibkarlar 50 qəpik pul ödəyir. Ödədiyimiz pullara görə bizə çek verilmir. Müdirin “pulyığan”ları deyir ki, narahat olmayın, verilən pullar sistemə oturur. Əgər bir gün yerhaqqını, vergini və digər haqları gecikdirsək, sabah müdiriyyətin adamları mağazamızı bağlayar. Ümumiyyətlə, bazarda sahibkarın vergidən yayınması mümkünsüz bir şeydir. Qanunla verginin tələb olunmasının tərəfdarıyıq, biz işləmək istəyirik. Bazarın “pulyığan”ları nə istəyirsə, sahibkar da həmin məbləği ödəyir. Sahibkarın vergidən yayınması mümkün deyil”.10 ildən artıqdır ki, “Binə” Ticarət Mərkəzində çalışan sahibkar Sevindik Cəfərov “Cümhuriyət” qəzetinə bildirib ki, bazarda onun iki mağazası var:

Sosioloq Ağasəlim Həsənov qəzetə bildirib ki, həm "Binə" və "Sədərək" Ticarət Mərkəzlərində, həm də ölkənin digər ticarət mərkəzlərində sahibkarların vergi ödəmədən fəaliyyət göstərməsi qeyri-mümkündür:

“Ola bilsin ki, bürokratik əngəllər səbəbindən sahibkarların ödədiyi məbləğ dövlət büdcəsinə çatmayıb. Amma bunun məsuliyyəti sahibkarların üzərində qalmamalıdır. Sahibkarlarla apardığım müzakirələr onu deməyə əsas verir ki, onlar fəaliyyəti dövründə dövlət büdcəsinə vergi ödəyiblər. Tam dəqiqliyi və məsuliyyətimlə deyə bilərəm ki, "Binə" və "Sədərək" Ticarət Mərkəzlərində çalışan sahibkarlar vergini ümumiləşmiş şəkildə bazar rəhbərliyinə ödəyiblər. Bir ay olsun belə, bu məsələ ilə bağlı sahibkarlara heç bir güzəşt tətbiq olunmayıb. Əksinə, get-gedə vergi tarifləri artırılıb, mağazanın kvadratmetrinə, sahibkarların ticarət dövriyyəsinə baxıb bazar müdiriyyəti tərəfindən vergi müəyyənləşdirilib.

Hətta bazarın işlək cərgələrinə uyğun vergi tətbiq olunur. Tutaq ki, bazarın 5-ci və 6-cı cərgəsi ilə 7-8-ci cərgələrinin vergisi eyni olmur. Bütün bu qaydalar Azərbaycan Vergi Məcəlləsində nəzərdə tutulmuş prinsiplər əsasında yox, “Binə” Ticarət Mərkəzinin sahibi Kəbirə Məmmədovanın və “Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylinin özlərinin müəyyənləşdirdiyi “vergi qaydaları” əsasında aparılır. Birmənalı şəkildə sahibkarlara heç bir güzəşt olunmayıb. Dövlət bilməlidir ki, keçən müddət ərzində heç bir sahibkara qarşı “vergidən yayınma” kimi bir iddia qaldırıla bilməz.

Burada bütün məsuliyyət birmənalı olaraq bazar rəhbərlərinin üzərinə düşür. Güman edirəm ki, vergi məsələsində hər iki bazar rəhbərinin kifayət qədər günahı var. Sahibkarlardan toplanılan ümumi məbləğin Vergilər Nazirliyi vasitəsilə bütövlükdə dövlət büdcəsinə çatdırılıb-çatdırılmaması sual altındadır. Kim zəmanət verə bilər ki, illərdir sahibkarların hüquqlarını tapdayan bu işbazlar vergi ilə bağlı şəffaflığı təmin ediblər?”

Sosioloqlun sözlərinə görə, "Binə" və "Sədərək" Ticarət mərkəzlərində çalışan sahibkarların 99.9 faizinin VÖEN-nin pin kodu Çindən Azərbaycana yük daşıyan karqo şirkəti tərəfindən alınıb:

“Belə şirkətlərdən biri də “Classic 2” yükdaşıma şirkətidir. Təbii ki, sahibkarlar məcbur qalıb pin kodlarını yükdaşıma şirkətlərinə verir. Məlumdur ki, Azərbaycanda yükdaşımaçılığı monopoliyadadır və alternativ variant yoxdur. Sahibkarın VÖEN-ninin pin kodunun alınması nə deməkdir? Tutaq ki, zəif işləyən sahibkar var. Hansı ki, il boyu onun dövriyyəsi 30 min dollardan çox olmur. Pin kod karqo şirkətinin əlində olduğuna görə, asanlıqla həmin sahibkarın adına istədikləri kimi yüksək rəqəmli mal yükləyə bilirlər.

Şəxsən tanıdığımız sahibkarlar var ki, onlar belə faktlardan əziyyət çəkiblər. Sonradan qarşı tərəf sahibkarın narahatlığını yola verərək işlərini görüblər. Sahibkardan pin kodun alınması cinayətdir. Dünyanın heç bir ölkəsində sahibkardan pin kod alınmır. Karqo şirkətləri pin kodu alınan sahibkarı istənilən anda cinayətkar edə bilər. Belə ki, sahibkarın adına 1 milyon dollar dəyərində mal yükləyib həmin pin kodla təsdiqləyər, sabahı gün sahibkar həmin malın ona aid olmadığını sübut edə bilməz. Hüquqi baxımından sahibkarın tutunacağı bir yer olmur.

"Binə" və "Sədərək" Ticarət mərkəzlərinin rəhbərləri ilə karqo daşımaçılıq şirkətinin rəhbəri arasında vergi məsələsində mübarizə gedir. Çünki onlar vergi məsələlərini həyata keçirməkdə maraqlıdırlar. Sadə dillə desək, vergi yığımını bazar və karqo şirkətinin rəhbərləri öz əlində cəmləşdirmək istəyir. Nəticədə maxinasiya yolu ilə hər ay böyük məbləğdə əldə etdikləri qazancın bir qismini dövlət büdcəsinə transfert edirlər. Onlar bu “fəaliyyət”ləri ilə dövlətə vergini vaxtı-vaxtında yığıb büdcəyə çatdırdıqlarını sübut edirlər. Təəssüf ki, bazar və karqo şirkətinin rəhbərləri çirkin əməllərini davam etdirir”.

Ağasəlim Həsənov onu da qeyd edib ki, "Binə" və "Sədərək" Ticarət Mərkəzlərində Zimbabvedə belə, müşahidə olunmayan elektrik enerjisindən istifadəyə görə, ödəniş mexanizmi müəyyənləşib:

“Elektrik xərcləri Kəbirə Məmmədovanın və Yusif Qədimbəylinin prinsipləri əsasında müəyyənləşir. Mağazalarda lampaları saymaqla istifadə olunmuş elektrik enerjisini necə müəyyən etmək olar? Hesab edirəm ki, burada böyük həcmdə mənimsəmə var, ona görə mağazalara sayğacların quraşdırılmasında maraqlı deyillər. Əgər şəffaflığı təmin etmək istəyirsə, sayğac quraşdırsınlar, sahibkar da istifadə etdiyi elektrik enerjisinin pulunu ödəsin. Sahibkarlar kifayət qədər icarə haqqı ödəyir, amma buna baxmayaraq, bazara giriş-çıxış üçün əlavə olaraq 50 qəpik ödəmə etməlidir.

Bundan əlavə, "Binə" və "Sədərək" Ticarət Mərkəzlərində sahibkarlardan 70-80 min manat, hətta 250-300 min manat civarında pul alaraq dükanlar, anbarlar, obyektlər satıblar. Niyə onlara mülkiyyət müqaviləsi verilməyib? Əgər icarə verilibsə, onda niyə satıblar? Belə əngəllər yaratdıqca ölkənin intelektual kəsimi, işləyən insanı bir-bir vətəni tərk edib gedir. Tanıdığım onlarla azərbaycanlı sahibkar var ki, onlar fəaliyyətlərini Özbəkistanda davam etdirirlər. Niyə Özbəkistan inkişaf etməlidir, Azərbaycan yox!?”

Ekspertin qənaətincə, orta sahibkarlıq təbəqəsi hər bir cəmiyyət üçün vacibdir:

“Sosioloji baxımdan təhlil etdikdə, orta təbəqəsi inkişaf etməmiş cəmiyyət inkişafdan qalır. Bu gün Azərbaycanda sahibkarlara qarşı bu cür maneələr yaradılırsa, hansı orta təbəqənin formalaşmasından danışa bilərik? Orta təbəqə yoxdursa, deməli, bütövlükdə dövlət də, cəmiyyət də zəifdir. Çünki büdcə təşkilatlarında çalışanlar və eləcə də pensiyaçılar orta təbəqənin vergiləri ödəməsi nəticəsində əməkhaqqı və ya pensiya ala bilirlər.

Bu gün istehsalı çox asan başa gələn elementar mallar belə Azərbaycana Çindən, Türkiyədən və digər xarici ölkələrdən gətirilir. Azərbaycanda 5-10 kiçik həcmli sexlər istisna olmaqla hansı fabrik və zavodlar var? Əgər indiyə qədər münbit şərait olsaydı azərbaycanlı sahibkarlar hər şeyin ən yaxşısını edərdilər, çünki bu potensial onlarda var. Böyük Britaniyanın 1-ci ilk qadın baş naziri Marqaret Tetçer qeyd edirdi ki, hər bir vətəndaşda inanılmaz potensial var, yetər ki dövlət o potensialın çiçəklənməsi üçün münbit şərait yaratsın. Azərbaycan reallığında bazar və karqo rəhbərlərinin yaratdığı problemlər fonunda heç bir sahibkar inkişaf edə bilməz”.(Mənbə Yeni Sabah)