Emin Mahmudov: “Neftçi” Bakıda daha çox hücum futbolu göstərəcək

07:27 26-07-2019 811

Yaxşı anlayırdıq ki, “Arsenal”ı əks-hücumlarda yaxalamaq lazımdır. Ona görə də cinahlardan sürətli hücumlar təşkil etməyə çalışırdıq.

HerGun.Az xəbər verir ki, bunu millimizin və “Neftçi”nin futbolçusu Emin Mahmudov deyib.

Rusiya futbol məktəbinin yetirməsi olan “Neftçi”nin kapitanı UEFA Avropa Liqasının II təsnifat mərhələsinin Tula şəhərində keçirilmiş “Arsenal”la (1:0) oyunundan sonra “Matç TV”yə fikirlərini bildirib:

“Fasilədən sonra Roberto Bordin bizə dedi ki, qələbə qazanmaq üçün sizin gücünüz var. Hələ ikinci oyun var. Düşünürəm ki, orda daha çox hücum futbolu göstərəcəyik. Biz həmişə doğma divarlar arasında fərqli oynayırıq, daha çox hücum futbolu nümayiş etdiririk.

Təəssüf ki, Avropa Liqasına Baqaliy Dabosuz başlamışıq. Təbii ki, o bizim bombardirimiz olduğundan, komanda üçün vacib oyunçudur. Biz onu yenidən sıralarımızda görmək istəyirik. Onun varlığında daha da əla hücumlar təşkil edə bilərik. Ancaq bizdə digər hücumçu da var. Rauf Əliyev çox mübarizə apardı, bizə çox kömək etdi. Ona görə də Dabonun yoxluğu hiss olunmadı”.

Səbuhi Musayev