Belçikada Fransa vətəndaşının evindən arxeoloji xəzinə tapıldı - FOTO

08:00 18-12-2020 425

Fransa hökuməti belçikalı həmkarları ilə əməkdaşlıq edərək Belçikada bir sakindən 27 mindən çox arxeoloji obyekt müsadirə edib.

“RİA Novosti”nin məlumatına görə, bu barədə Fransa Mədəniyyət Nazirliyindən xəbər verilib.

Bildirilir ki, 2019-cu ilin sentyabrında Belçikada yaşayan bir fransız öz torpaq sahəsində Roma dövrünə aid 14 154 sikkə tapdığını elan edir. Belçika hökumət nümayəndələri məlumatların doğruluğuna şübhə edərək, bu barədə fransalı səlahiyyətlilərə xəbər verirlər.

Fransızın evində aparılan axtarışlar zamanı çox sayda arxeoloji dəyəri olan əşyalar aşkar edilib. Müsadirə olunan əşyalar arasında Roma dodekaedri (bundan yalnız 100 nüsxə var), Bürünc və Dəmir dövrünə aid bilərziklər və boyunbağılar, Roma fibulları (paltar düymələri), Merovinq və İntibah dövrünə aid kəmərlər, heykəl elementləri, Roma və Qall sikkələri olub.

Fransa İqtisadiyyat və Maliyyə Naziri Bruno Le Mer qanun pozucusunun həbs və yüz min avro pul cəzası ilə üzləşə biləcəyini söyləyib.

“Bu, mənfəət və eqoist məqsədlər üçün bizi ümumi irsimizdən məhrum edən və tariximizin bütöv bir hissəsini silənlərə açıq bir siqnaldır”, - deyə o, bildirib.