Viktor Qusevin proqnozu: “Neftçi” də, “Arsenal” da Bakıda qol vuracaq

17:27 01-08-2019 450

Tulalılar önündə çox çətin tapşırıq dayanır. Mənə elə gəlir ki, onların evdə uduzmağının səbəbi “Neftçi”nin avrokuboklarda çox böyük təcrübəsinin olmasıdır. Siz burada dərhal mənə etiraz edib deyə bilərsiniz ki, “Neftçi”də əvvəlki kimi təcrübəli futbolçular yoxdur, indi onlarda çoxlu gənc oyunçu var. Birincisi, bu, 100 faiz düz deyil. İkincisi isə klub təcrübəsi deyilən bir şey var.

HerGun.Az xəbər verir ki, bunu rusiyalı teleaparıcı, “Birinci kanal”ın idman şərhçisi Viktor Qusev “Stavka TV”yə deyib.

Təcrübəli jurnalist bu gün keçiriləcək UEFA Avropa Liqasının II təsnifat mərhələsinin “Neftçi” - “Arsenal” görüşü ilə bağlı fikirlərini bildirib:

“Baxmayaraq ki, “Neftçi” əvvəllər avrokuboklarda xüsusi bir naliyyəti ilə yadda qalmayıb, bununla belə, onlar avrokuboklarda çox oynayıblar. “Arsenal” üçün isə bu, debüt idi. Fikrimcə, bu da öz sözünü dedi. Hesab edirəm ki, İqor Çerevçenko cavab matçı öncəsi nəticə çıxaracaq”.

63 yaşlı şərhçinin sözlərinə görə, Rusiya Premyer Liqasının “Rostov”la sonuncu turdakı oyununda (2:3) “Arsenal”ın bəzi oyunçularına istirahət verilməsi Bakıda Tula komandasının xeyrinə ola bilər:

“Aydın oldu ki, Rusiya çempionatına hörmətlə yanaşsaq da, Avropa Liqası “Arsenal” üçün ilk təcrübə kimi çox vacibdir. Ona görə də hansısa oyunçuların istirahət etməsi ola bilər ki, “Neftçi” ilə cavab oyununda işə yarasın. Əlbəttə, bu, çox çətin olacaq. Çünki Bakıda komandanı vəhşi ajiotaj gözləyir.

Yeri gəlmişkən, mənə elə gəlir ki, oyun bakılıların hesabda üstünlüklərini qorumağa çalışacaqları, öz tribunaları və azarkeşləri önündə müdafiədən oynayacaqları və yalnız “Arsenal”ın hücum edəcəyi üzərində qurulmayacaq. Yox, birincisi, “Neftçi”nin çox yaxşı əks-hücumları olur. İkincisi, onların özü də hücumlara çıxacaq. Mənə elə gəlir ki, qonaqların mütləq qol vurmalı olduğunu nəzərə alsaq, bu oyun olduqca şən keçəcək. Əgər “Arsenal” matçın əvvəlində top buraxsa, tulalılara mərhələ adlayıb yola davam etmək üçün iki qol vurmaq lazım gələcək. Ona görə də düşünürəm ki, bu da “Arsenal”ın boşluqlarına öz töhfəsini verəcək”.

V.Qusev Dario Frederikonun zədələnməsinin “Neftçi”nin ziyanına ola biləcəyini bildirib. O həmçinin qeyd edib ki, hər iki komanda Bakıda qol vuracaq:

“Tulada “Arsenal”a qol vuran “Neftçi”nin braziliyalı oyunçusu Dario matçda iştirak etməyəcək, zədəsi var. Bu, rəqibimiz üçün itkidir.

Əlbəttə, biz başa düşürük ki, “Arsenal” mövsümlərarası fasilədə çox sayda oyunçularını itirdiyindən, indi hücum xətti tamamilə fərqlidir. Bununla belə, mənə elə gəlir ki, bu, oyunun xarakterinə təsir etməyəcək. Əvvəl də dediyim kimi, oyun qarşılıqlı hücumlar şəraitində keçəcək. Ona görə də hansı komandanın Avropa Liqasında mərhələ adlayacağı ilə bağlı proqnoz verməyərək sadəcə belə deyəcəyəm: Azərbaycanın paytaxtında hər iki komanda bu oyun qol vuracaq. Buna 2.00 əmsal verirəm”.

Qeyd edək ki, matç saat 21:00-da başlayacaq. İlk görüşdə “Neftçi” 1:0 qalib gəlib.

Səbuhi Musayev