5 nəfər xəsarət aldı, 10 avtomobil əzildi - Bakıda güclü küləyin fəsadları

13:54 06-08-2019 377

Avqustun 5-də Bakıda müşahidə edilən güclü külək nəticəsində beş nəfər xəsarət alıb, 10 avtomobil zərər görüb.

Bu barədə HerGun.Az-a daxili işlər orqanlarından məlumat veriblər.

Binəqədi rayonunda beş ağacın aşması faktı qeydə alınıb. Bir halda Bakı sakini Yaşar Quliyevin “KİA” markalı avtomobili zərər görüb.

Səbail rayonunda 10 oxşar hadisə baş verib. Q.Abbasov küçəsində Mübariz Nağıyevə məxsus “Renault” markalı maşının üzərinə ağac aşıb. Həmin küçədə ağac parklanmış “Hyundai” markalı avtomobilin də üzərinə düşüb. Lermontov küçəsində isə beş yerdə güclü küləyin fəsadları qeydə alınıb.

Nizami küçəsində ağacın budağı 1999-cu il təvəllüdlü Qəmbərli Simarə İlqar qızının üzərinə düşüb. Nəticədə qız kəllə-beyin travması alıb.

Xaqani küçəsində ağacın aşması nəticəsində “Renault” markalı maşına ziyan dəyib.

Qaradağ rayonunun Sahil qəsəbəsində ağac 1956-cı il təvəllüdlü Quliyev Əliqismət Elxan oğlunun başına düşüb. Nəticədə kişi yardım üçün həkimlərə müraciət edib.

Nərimanov rayonunda aşan ağaclar isə Emin Kazımovun “Lexus” və Ruslan İsmayılovun “KİA” markalı maşınlarına ziyan vurub.

Nəsimi rayonunda ağacların aşması ilə bağlı yeddi fakt qeydə alınıb, nəticədə Mahir Təhməzovun “Volkswagen” avtomobili zədələnib, eləcə də telefon xətləri qırılıb.

Nizami rayonunda beş analoji fakt olub. Aida və Nailə Cavadova bacıları xəsarət alıblar. Aşan reklam lövhəsi onların üzlərinə xəsarət yetirib. Hacımurad Hacıyev də eyni formada Qara Qarayev prospektində xəsarət alıb.

Yasamal rayonunda isə səkkiz fakt qeydə alınıb. Burada BMW və “GAC” markalı avtomobillər, eləcə də yaşayış evlərinin dam örtükləri zərər görüb.

Ramella İbrahimxəlilova