Pandemiya geyim tərzimizi dəyişdimi? - ARAŞDIRMA + FOTO

15:00 16-05-2021 490

Pandemiya gündəlik həyatda bir çox şeyi dəyişməklə yanaşı insanlara yeni vərdişlər də qazandırmağa başladı. 2020-ci ildən qlobal səviyyədə tətbiq edilən məhdudiyyətlər gündəlik fəaliyyətimizi müəyyən qədər dəyişdi.

Sözsüz ki, alış-veriş vərdişlərimizə də təsir etdi pandemiya: əhalinin bir qisminin gəlirləri müəyyən qədər azaldı, sərt karantindən dolayı daha çox evdə vaxt keçirirdik, gedəcəyimiz hər hansı dəvət, kokteyl və ya insanların sıx toplaşdığı tədbirlər yox idi... Bir çox müəssisələr onlayn fəaliyyətə yönəldi və buna uyğun olaraq əhali də fəaliyyətlərini onlayn şəkildə nizamlamağa çalışdı.

İnsanların internetdə daha çox vaxt keçirdiyi bilən sahibkarlar da məhsullarının reklamını etmək üçün sosial mediaya və internet resurslarına yönəldilər. 2020-ci ildə 300-dən çox şirkət 3 milyard dollarlıq reklamı “Amazon”, “Facebook”, “Instagram”, “LinkedIn”, “Pinterest”, “Snap” və “Twitter” şəbəkələrindən həyata keçirdilər.

Ölkədə fəaliyyət göstərən geyim mağazalarındakı vəziyyəti öyrənmək üçün bir-neçə bu sahədəki məsul şəxslə söhbət apardıq. Klassik modeldə geyimlərin satışını həyata keçirən mağazasının meneceri Zülfiyyə İmanova bildirir ki, bu gün mağazanın satışları pandemiyadan əvvəlki dövrlə müqayisədə iki dəfə azalıb və satış həcmlərinin əksəriyyəti mağazanın daimi müştərilərinin hesabına həyata keçirilir. Onun sözlərinə görə, pandemiya insanların geyim seçiminə o qədər də təsir etməyib:

“Mağazamız klassik geyimlərin satışı ilə məşğuldur. Bu dövr ərzində insanların geyim zövqlərinin dəyişdiyini deməzdim, lakin hazırda insanlar həqiqətən də daha rahat, boş model geyimlərə üstünlük verirlər”. 

Pandemiyanın gənclərin alış-veriş vərdişlərinə necə təsir etdiyini araşdırmaq üçün ölkədə fəaliyyət göstərən brend cins mağazasının meneceri Zalina Babayeva ilə görüşdüq. O, da bu indiki dövrdə mağazanın satış həcmlərinin ikiqat azaldığını deyir:

“Müştəri sayında azalma müşahidə olunur. İnsanlar pandemiyaya görə mağazalara gəlməkdən çəkinirlər. Ötən ilin qış kolleksiyası demək olar ki, satılmadı. 2020-ci il dekabr ayının 14-dən etibarən sərt karantin rejiminə görə qapanmaya getdik. Yanvar ayına qədər onlayn şəkildə fəaliyyət göstərdik. Onlayn satışlar isə əyani satışları heç də əvəz edə bilmir. Sərt karantin rejimi bitdikdə isə artıq qış sezonu da bitmək üzrə idi və insanlar yaz-yay sezonunu gözləyirdilər. Ona görə də qış kolleksiyası bir o qədər də yaxşı satılmadı. Təbii ki, bunu kompensasiya etmək üçün endirimə daha tez girdik. Əgər adətən mart ayında endirimlərə start verirdiksə, artıq yanvar ayında yumşalmalar tətbiq ediləndən bir həftə sonra endirimlərə qədəm qoyduq. Satışların həcminin azalmasına ictimai nəqliyyatın əvvəlki kimi fəaliyyət göstərməməsi də təsir edir. Adətən mağazalar 22:00-a qədər işləyir. Lakin, biz indi 21:00-a qədər fəaliyyət göstəririk. Çünki, ekspress marşrutlar gec saatlara qədər işləmir. Metro çalışmır, həftəsonları isə ictimai nəqliyyatın fəaliyyəti ümumiyyətlə dayanıb və hər gün bir saat daha tez mağazanı bağlayırıq. Nəzərə almaq lazımdır ki, yaz-yay aylarında insanlar axşam saatlarında şəhərə axışırlar. Hər gün mağaza bir saat tez qapandıqda potensial müştərini itirir”.

Mağazaların satış həcmləri ilə yanaşı insanların günlük geyimlərində seçimlərini necə dəyişdiyi ilə bağlı da maraqlandıq. Brend cins mağazanın satış təmsilçisi Araz Humarov deyir ki, indi enli balaqlı və boş model cinslərin satışını daha çox həyata keçirirlər:

“Klassik tərzdə (beldən balaqlara qədər düz kəsimdə olan) cinsləri daha çox satırıq. Son illər ərzində insanlar ən çox boş model cinslərə üstünlük verirlər. Son iki ildə “mom” cinslərə maraq artıb. Son bir ildə isə enli balaq cinslərə üstünlük verilməyə başlanılıb. Lakin, hələ də dar model cinslərə üstünlük verənlər var. İnsanların pandemiya dövründə geyim zövqlərində kəskin dəyişikliklər baş verməyib”. 

Alıcı Ülkər Məmmədova bildirir ki, pandemiya başlayandan bəri sıxıntı və stresdən dolayı alış-veriş həcmlərini artırıb:

“Alış-verişlərimi onlayn şəkildə etməyə üstünlük verirdim. İnternetin qarşısında hər zamankından daha çox vaxt keçirirdim. Buna görə də bəzən daha çox geyim alırdım. Daha sonra hiss etdim ki, lazımsız geyimlər almışam və onların indi heç birini geyinmirəm.

Geyim seçiminə gəldikdə isə heç bir dəyişiklik olmayıb”. 

Alıcı Aysel Ağaşirinova isə vurğulayıb ki, pandemiya dövründə alış-veriş həcmlərini kifayət qədər azaldıb:

“Alış-veriş etmək qərarına gəldikdə bunu onlayn edirdim. Çünki, pandemiyaya görə onsuz da mağazalarda geyinmək imkanım yox idi. Pandemiya alış-veriş seçimlərimi isə deməzdim ki, dəyişib. Gündəlik trendlərdən danışsaq, artıq dar cinsləri geyinmirəm. Son bir-neçə ildə boş model, “mom” və enli balaq cinslərə üstünlük verirəm”.

2021-ci ilin ilk üç ayında pərakəndə ticarət dövriyyəsində toxuculuq məhsulları, geyim və ayaqqabıların payı 1 milyard 559,6 min manat təşkil edirdi. Bu isə o deməkdir ki, əhali 2020-ci ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz daha az geyim məhsullarının alışını həyata keçirib. 2020-ci ildə isə bu 2019-cu ilə nisbətən 3,6 faiz az idi. 

Qeyd edək ki, 2021-ci ilin ilk üç ayında Azərbaycana 50 milyon 851,3 min dollar dəyərində geyim əşyaları və geyim üçün ləvazimatlar idxal edilib. Bu isə 2020-ci ilin eyni dövrü ilə müqayisədə 13,6 faiz azdır. 2020-ci ilin yanvar-mart aylarında isə 2019-cu illə müqayisədə 5,5 faiz daha çox geyim məhsulları idxal edilib. Ümumilikdə, 2021-ci ilin birinci rübünü 2019-cu ilin eyni dövrü ilə müqayisədə etsək idxalın 8,8 faiz azaldığını görürük. Yəni, 2020-ci ildə sahibkarlar 2019-cu ilə nəzərən xaricdən daha çox geyim məhsulları alıb. Burada nəzərə almaq lazımdır ki, sifariş əvvəldən qəbul edilir. Sahibkar 2020-ci ildəki pandemiya və onun yaradacağı vəziyyəti əvvəlcədən təxmin edə bilməzdi. 2021-ci ilin ilk üç ayında isə sahibkarlar artıq vəziyyəti bildiyindən 2020-ci ilə nəzərən daha az məhsul sifariş verdilər.

Nigar Məmmədova