Dünya Bankı Azərbaycana 65 milyon dollar ayırdı

12:20 21-05-2021 534

Dünya Bankının İdarə Heyəti tərəfindən Azərbaycan Respublikasına 65 milyon dollarlıq kreditin ayrılması təsdiqlənib.

HerGun.Az-ın Dünya Bankından əldə etdiyi məlumata əsasən, kredit “Regional Bağlantı və İnkişaf” layihəsinin maliyyələşdirilməsi üçün ayrılıb. 

Vurğulanıb ki, layihə ölkənin cənubundakı Salyan-Biləsuvar yolu boyunca təhlükəsiz, səmərəli və iqlimə davamlı nəqliyyat infrastrukturu təmin edəcək və bazara çıxışı yaxşılaşdıracaq. Bu marşrut boyunca yaşayan təxminən 250 min insan təkmilləşdirilmiş yol infrastrukturu, iqtisadi imkanlardan və əsas xidmət obyektlərinə asanlıqla faydalanacaq.

Dünya Bankının Azərbaycan üzrə meneceri Sara Maykl bildirib ki, bu layihə Azərbaycanın milli inkişaf prioritetlərinə çatmasına kömək edəcək.

Layihə üç əsas sahəni maliyyələşdirəcək. İlk növbədə kənd təsərrüfatı və logistika infrastrukturuna qoyulan investisiyalar təkmilləşdirilmiş yolların sosial-iqtisadi inkişafa təsirini maksimum dərəcədə artırmaq məqsədi ilə bazarın əlçatanlığını dəstəkləməyə kömək edəcək.

İkincisi, layihə yol şəbəkəsi idarəetmə sistemlərinin inkişafı üçün texniki yardım və digər xərclərin tətbiqi, nəqliyyat vasitələrinin həddindən artıq yüklənməsinin qarşısının alınması, nəqliyyat sektoru daxilində maliyyə davamlılığı və səmərəliliyini dəstəkləyəcək.

Üçüncüsü isə layihə yerli icmalara gəlir gətirmə imkanlarını yaxşılaşdırmaq üçün yol kənarındakı logistika və bazar obyektlərinin dizaynını və tənzimlənməsini dəstəkləyəcək.

Qeyd edilib ki, Azərbaycan Dünya Bankına 1992-ci ildə qoşulub. Bu günə qədər Dünya Bankı Azərbaycanda ümumilikdə 4,4 milyard dollar olan 50-dən çox layihəni maliyyələşdirib.

Nigar Məmmədova