Vətən Müharibəsi Qəhrəmanı da güzəştli mənzillər əldə edə biləcək - RƏSMİ

14:40 27-05-2021 430

Güzəştlə mənzil əldə etmək hüququ olan vətəndaşların kateqoriyaları genişləndirilib.

Mənzil İnşaatı Dövlət Agentliyindən HerGun.Az-a verilən məlumata əsasən, güzəştli ipoteka krediti almaq və müvafiq Agentliyin sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququ olan vətəndaşlar sırasına yeni kateqoriya əlavə olunub.

Belə ki, gənc ailə (yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideyn) üzvü olan “Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı (özü, əri-arvadı, övladları)” kateqoriyasına aid şəxslər də güzəştli mənzil əldə edə biləcəklər.

Yeni kateqoriyaya aid şəxslər 27 may 2021-ci il tarixindən etibarən Elektron İmza və ya Asan İmzadan istifadə edərək “Elektron hökumət” portalında yaradılmış “Güzəştli mənzil” sistemi vasitəsilə müraciət edə bilərlər.