Nyu-Yorkda azərbaycanlı jurnalistlərin ölümü ilə bağlı aksiya keçirildi - FOTO

18:20 21-06-2021 320

BMT-nin və nüfuzlu media qurumlarının Nyu-Yorkdakı binaları önündə azərbaycanlı jurnalistlər yad edilib.

Diaspor Komitəsinin verdiyi məlumata görə, Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının idarə heyətinin üzvü, Azərbaycan Nyu-York Assosiasiyasının rəhbəri Ercan Yerdələnlinin təşkilatçılığı ilə Nyu-York şəhərində silsilə aksiyalar keçirilib.

BMT-nin mənzil qərargahı, NBS Studios və “Associated Press” kimi nüfuzlu media qurumlarının inzibati binaları qarşısında təşkil edilmiş sərgilərin məqsədi Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirən azərbaycanlı jurnalistlər Məhərrəm İbrahimovun və Sirac Abışovun, eləcə də yerli məmurun mina partlayışı nəticəsində həlak olmasına, Ermənistanın hərbi cinayətləri davam etdirməsinə və mina xəritələrini verməkdən imtinasına diqqəti cəlb etmək olub.

Sərgilərdə jurnalistlərin fotolarını və Ermənistanın mina cinayətlərini əks etdirən posterlər nümayiş etdirilib. Posterlərdə “Mina xəritələrini verin!”, “Azərbaycanlı jurnalistlərə qarşı Ermənistanın müharibə cinayətləri”, “Ermənistan qanunlara əməl etmir”, “Ermənistan azərbaycanlı jurnalistlərin qatilidir!”, “Bizi minalardan xilas edin!” kimi şüarlar nəzərə çatdırılıb.

Tədbir zamanı yerli sakinlərə rəsmi İrəvanın xalqımıza qarşı törətdiyi hərbi cinayətlər və təxribatlar barədə geniş məlumat verilib.