Rusiyada yaşayan azərbaycanlı mütəxəssis ermənilərin təxribatından danışdı: “Hesabat verilməlidir”

15:40 01-07-2021 370

“Mən özüm o turnirdə iştirak etməmişəm. Amma komandam həmin turnirdə mübarizə aparırdı. Artsax adında komandanın iştirak etdiyini bildikdən sonra Rusiya Boks Federasiyasına zəng edərək bu barədə narazılığımı bildirdim”.

Bunu HerGun.Az-a Rusiyada yaşayan Xantı-Mansiysk Muxtar Dairəsi-Yuqra Boks Federasiyasının icraçı direktoru, boks məşqçisi Ramiz Hadiyev deyib.

1976-cı ildə Lənkəranın Biləsər kəndində doğulan, Rusiyada fəaliyyət göstərən azərbaycanlı mütəxəssis Soçi şəhərində 22-30 iyun tarixlərində keçirilmiş yeniyetmə və gənclərin boks turnirindəki təxribatdan danışıb. Sovet İttifaqı Qəhrəmanı, erməni əsilli leytenant Martiros Naqulyanın xatirəsinə həsr olunan turnir Rusiya Erməniləri Birliyinin Soçi şöbəsinin himayəsi altında baş tutub və burada qondarma Artsax adından boksçular da iştirak edib. R.Hadiyevin söhbətinə görə, o bu məsələni belə buraxmayacaq:

“Mən hazırda məzuniyyətdəyəm. Ona görə federasiya rəhbərliyi ilə danışmamışam. Ancaq məzuniyyətdən qayıtdıqdan sonra bu məsələnin üstünə düşəcəyəm. Onlar mənə bu yarışın hesabatını verməlidir. Görək hansı adla heç bir ölkə tərəfindən tanınmayan qurumun idmançıları bu yarışda iştirak edib”.

Qeyd edək ki, Ramiz Hadiyev həm də Xantı-Mansiysk muxtar dairəsi–Yuqranın İctimai palatasının üzvü, orada sağlamlığın mühafizəsi, bədən tərbiyəsi və idmanın inkişafı üzrə Komissiyanın sədr müavinidir.

Səbuhi Musayev