“Bakı, Ankara və Moskva Ermənistana pul məsələsində kömək edə bilər, amma İrəvan buna qarşıdır” - AÇIQLAMA

13:40 14-07-2021 448

Qarabağda Vətən müharibəsi bitdikdən sonra Cənubi Qafqazdakı regional əməkdaşlıq mövzusu müxtəlif platformalarda müzakirə olunur.

Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna-Zerkalo” qəzetinin baş redaktoru, siyasi şərhçi Elçin Şıxlı Caliber.Az-a verdiyi açıqlamada sözügedən mövzu ilə bağlı fikirlərini bölüşüb.

O, 30 il iqtisadi blokadada olduqlarını dünyaya car çəkən, bütün beynəlxalq təşkilatlara şikayət edən Ermənistanın indi – kommunikasiyaların açılması imkanı yarandıqda bu fürsəti dəyərləndirmək istəməməsini və türk mallarının idxalına qoyulan qadağanın müddətini uzatmasını yalnız nevrozla əlaqələndirib.

“Erməni cəmiyyətinin psixonevroloji vəziyyəti son dərəcə qeyri-sabitdir. Onlar hər zaman hay-küy salırdılar ki, Azərbaycan və Türkiyənin davranışları üzündən tamamilə blokadaya düşüblər. İrana gəldikdə isə bu barədə danışmayacağam.

İndi Bakı və Ankaranın nəqliyyat qovşaqlarını blokdan çıxartmaq, əlaqələr qurmaq və Zəngəzur dəhlizini açmaq istəyi var. Niyə Ermənistan buna qarşıdır? Heç bir məntiqi izahat yoxdur. Bəlkə də şikayətçi roluna o qədər alışmışlar ki, təzyiq vasitəsi kimi istifadə etdikləri bu obrazı itirməkdən qorxurlar”.

Bəlkə hər şey pula görədir? Belə ki, Qafqaz araşdırmaları üzrə jurnalın baş redaktoru Lourens Broers öz məqaləsində qeyd edib ki, Azərbaycan nəqliyyat dəhlizləri yaratmaq üçün pul tapacaq, Ermənistanın isə belə vəsaitləri yoxdur...

Bu məqama münasibət bildirən E.Şıxlı qeyd edib ki, Azərbaycan və Türkiyə nəqliyyat dəhlizlərinin tikintisi və kommunikasiya xətlərinin çəkilməsi üçün Ermənistana pulu verə bilər.

“Hətta Rusiyada da vəsait ayıra bilər, ancaq siyasi dividentlər müqabilində. Bəli, digər xarici investorlar investisiya təhlükəsizliyi zəmanətinin olmaması səbəbindən yatırım etməyə hazır olmayacaqlar. Ancaq üç ölkə - Azərbaycan, Türkiyə, Rusiya bunu dəqiq edə bilərlər.

Lakin Ermənistan bunu əlavə iqtisadi təzyiq altında düşmək kimi qəbul edir. Bəlkə İrəvan erməni diasporuna müraciət etməlidir? Qoy əllərini ciblərinə salsınlar. Bəs onlar nə qədər pul yığacaqlar? 2-3 milyon dollar? Bəlkə beş-on milyon? Bu, kifayət deyil. Erməni diasporu genişmiqyaslı investisiyalara hazır deyil”.