Avtobusa minmək uğrunda ajiotaj, pul dəyişmə məntəqələri və İstanbula üçüncü səfər - TƏƏSSÜRAT

21:18 13-08-2019 20

Məlum olduğu kimi, Türkiyədə UEFA Super Kubok matçı keçiriləcək.

Ötən il Kiyevdəki Super Kubok matçında olduğu kimi, bəndəniz bu il də HerGun.Az adından İstanbula ezam olunub.

İstərdim ki, gün ərzində başıma gələn, rastlaşdığım səfər təəssüratlarını sizinlə bölüşüm.

AZAL-a məxsus “Boeing” təyyarəsi 08:45-də səmaya qalxdı. Üç saatdan sonra İstanbulun yeni inşa olunmuş hava limanında idim. Buranı ilk dəfə görürdüm. Tranzit olduğundan, böyüklüyünü bilsəm də, limanın içində bu qədər uzun yolçuluq gözləmirdim.

Bu hava limanında ilk dəfə olanlar üçün bir tövsiyə verə bilərəm ki, pullarını qarşılarına çıxan ilk məntəqələrdə dəyişməsinlər. Məsələn, mən 1 dolları 4.6368 lirəyə dəyişən məntəqədə “uduzdum”. Nəticədə 50 dollar üçün 232 lirə aldım.

Ancaq türklər üçün 10-15 faiz endirim var. “Mən də Azərbaycan türküyəm” desəm də, xeyri olmadı. Dedi ki, abi, türk kimliyinin olması lazımdır, yoxsa, biz də istərdik, sizə endirim edək. Amma sonra həmin pul dəyişən göz vuraraq “abi, arxa tərəfdə, banklarda dəyiş, orada bizdən daha yaxşı qiymətə pulunu dəyişə bilərsən” məsləhətini verməyi də unutmadı.

Doğrudan da 10 metr sonra hava limanının içində qarşıma çıxan “Ziraat Bankası” və digərlərində təxminən 1 lirə fərqin olduğunu gördüm. Amma artıq iş-işdən keçmişdi, mən əvvəlki məntəqələrdən birində pulumu dəyişmişdim.

İstanbul hava limanında “Havaist” (Hava İstanbul) adlanan avtobuslar sərnişinləri şəhərin müxtəlif nöqtələrinə aparır. Bunun üçün İstanbul kartın olmalıdır.

Mənim qalacağım hotel İstanbulun Eminönü ərazisi sayıldığından, əvvəldən bu avtobusların məni 18 lirəyə (təxminən 6 manat) aparacağını türk iş yoldaşım Sərkan Alqur vasitəsilə öyrənmişdim.

Lakin orada olanda məlum oldu ki, kart üçün də ödəniş etməliyəm. Birlikdə 25 lirə. “Niyə 25 lirə?” sualını verəndə, kassir cavab verdi ki, başqasının kartına 18 lirəlik gediş haqqı yükləyib də gedə bilərəm. Amma təbii ki, İstanbulda olacağım üç gün ərzində bu kart mənə lazım olduğundan, 25 lirəni verdim.

Maraqlıdır ki, qəbzin üzərində 19 lirə ödədiyim  yazılmışdı. Bu isə o demək idi ki, karta görə cəmi 1 lirə tutulurdu, qalan 6 lirə isə həmin kassirin cibinə gedirdi..

Ən son – 16-cı qapı məhz mənim gözlədiyim Eminönü/Sultan Ahmetə gedən avtobusun dayanacağı idi. Amma bura şəhərin mərkəzi və daha tarixi yerlər olduğundan, avtobusu gözləyənlər içində turistlərin çoxluğu, xüsusən də onların Yaponiya, Rusiya, Ukraynadan olması diqqətimdən yayınmadı.

Bir “Liverpul” və bir “Çelsi” forması geyinən azarkeş isə mənim üçün şəhərdə ilk Super Kubok matçını xatırladan görüntü idi.

Amma bir avtobusu qaçırmalı oldum. Çünki turistlər az qala gec gələn bu avtobusa minmək üçün bir-birinin üstünə çıxırdı. İkincini qaçırmamaq üçün baqajlara qırmızı fiş vuran türkə “Birinci öz vətəndaşlarının baqajını qəbul et” deməkdən başqa çarəm qalmamışdı. Sözün açığı, bu sözüm yerdə qalmadı və nəhayət avtobusa mindim…

15-dən çox xarici ölkədə olsam da, qardaş ölkənin möhtəşəm şəhəri olan İstanbula cəmi iki dəfə səyahət edə bilmişdim. Hər ikisi də “Qəbələ” klubu ilə bağlı idi.

Biri bu klubun təlim-məşq toplanışını işıqlandırmaq üçün Antalyaya gedəndə, digəri oradan qayıdanda. Birincidə İstanbulda gecələmək imkanı da əldə etmişdim.

Artıq şəhərin içərisinə girdikcə, İstanbulun məscidlər şəhəri olduğunu düşünürsən. Bəlkə də heç bir müsəlman ölkəsində bu qədər məscidə rast gəlməzsən. Hətta Səudiyyə Ərəbistanının özündə belə. Şəhərin Eminönü hissəsində – Qapalı Çarşıya yaxın ərazidə düşürəm.

Avtobus hələ qalan sərnişinləri Sultan Ahmetə aparacaq. Mən isə bu şəhərin necə tarixi olmasından zövq ala-ala öz hotelimə yollanıram. Əslində çətinliklə çatdığım hoteldə xoşagəlməz durumla qarşılaşsam da, sonu yaxşı bitən bu təəssüratımı səfərdən sonraya saxlayıram.

Hoteldə yuyunub özümə gəldikdən sonra jurnalistlər üçün UEFA tərəfindən verilən akkreditasiya vəsiqəmi götürmək üçün Cemal Rəşit Rey konsert zalına yollanıram. Məhz akkreditasiyalar bu incəsənət obyektində jurnalistlərə təqdim olunur.

Bundan sonra isə “Çelsi”nin baş məşqçisi Frank Lempard, ispaniyalı oyunçuları Pedro Rodriqeslə Sesar Aspilikuetanın mətbuat konfransına qaçıram.

Akkreditasiya mərkəzindən şatl avtobus iki rus, bir israilli və bir azərbaycanlı jurnalisti oyunun keçiriləcəyi “Vodafone Arena”ya gətirir…

Səbuhi Musayev