Altı min manata samovar hazırlayan riyaziyyat müəllimi: “Sərvət yığa bilmədim” - REPORTAJ + FOTO

12:40 13-08-2021 544

Lahıc dəmirçilik və misgərliyin mərkəzlərindən biri hesab olunur. Bu səbəbdən 2015-ci ildə “Lahıc misgərlik sənəti” UNESCO-nun qeyri-maddi mədəni irsi siyahısına əlavə edilib.

Hazırda Lahıcda XI əsrə aid olan mis əşyalar var. Burada misgərlik və dəmirçiliyi inkişaf etdirmək istəyən tacirlər Gədəbəydə mədənlər alaraq nəqletmə işlərinə nəzarət ediblər.

Lahıcda 50 ildən çox misgərliklə məşğul olan Nəzər Əliyev bildirir ki, ailədən bu sənətlə məşğul olan səkkizinci nəslin nümayəndəsidir:

“Mənim bütün vaxtım emalatxanada keçib. Bu işi mənim oğlum da bacarır. Metalın iyinə, çəkiclərin səsinə, emalatxananın ahənginə və mühitinə öyrəşmişik. Bizdə məhsulların qiyməti 1, 2, 3 manatdan başlayır. Hətta 5-6 min manata olan əl işlərimiz də var. Elə samovarlar düzəltmişik ki, onların qiyməti 6 min manat olub. Təxminən 7-8 ədəd belə samovar düzəltmişik. Xüsusilə də mövzulu naxışlar üzərində işləyirik. Məsələn, Qobusnamə, Leyli və Məcnun mövzusunda çalışmışıq. Eləcə də, Mikayıl Abdullayevin əsərlərini miniatürlər üzərində həkk etmişik”. 

Nəzər Əliyev həm də pedaqoji təhsil alıb, o, riyaziyyat müəllimi kimi də fəaliyyət göstərib:

“Həm pedaqoji fəaliyyətlə məşğul olmuşam, həm də bu sənəti yaşatmışam. Sənətim sayəsində bir çox Avropa ölkələrində olmuşam. Xaricdə keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində üç dəfə Parisdə, Vyanada, Moskvada, eləcə də, Qazaxıstan və Gürcüstanda əl işlərimi nümayiş etdirmişəm”. 

Sənətkar deyir ki, misgərlik bunu bilən adam üçün xoşbəxtlikdir, yaşadıqları çətin zamanlarda, 1990-cı, 2000-ci illərin əvvəllərində bu sənət onu kiməsə borclu qalmağa imkan verməyib:

“Sərvət yığa bilmədim, amma öz minnətimə yaşadım. Elə vaxtlar olub ki, bu sənət tamamilə üzülüb, amma qırılmayıb, yenə də yaşayır. Bəzən köhnə əşyalar satılan hansısa bazardan üstündə babamın imzası olan əşyalara rast gəlirəm. Çünki, bəzi naxışlar sırf bizim nəslə aiddir. Bəzən metal qəbulu məntəqələrindən bizə gətirilən əşyaların üstündə belə öz imzamızı görürəm. Yəqin ki, bu sənəti davam etdirəcəyik”.

Burada misgərlik sənəti nümunələrindən müasir tələblərə uyğun formada istifadə edən sənətkarlar da var. Məsələn, onlardan biri həkkaş Vahid Süleymanovdur.

O, 6-7 yaşlarından etibarən bu işlə məşğuldur. Vahid Süleymanov əvvəlcədən hazır edilmiş mis biləkliklər üzərinə istənilən naxışı və ya adı həkk edir. Onun üzərində işlədiyi nümunələr təkcə Lahıc daxilində qalmır, sənətkara ölkənin hər yerindən sifarişlər gəlir.

Lahıcda yeddi nəsil qalayçılıqla məşğul olan ailənin üzvü Rza Əliyev isə deyir ki, ailəsi 1700-cü ildən bu sənəti yaşadır:

“Biz altı qardaşıq və hər birimiz qalayçılıq sənətinə bələdik. Mən bu sənətlə məşğul olan altıncı nəslin nümayəndəsiyəm. Qardaşımın uşaqları isə artıq yeddinci nəsildir ki, bu sənətlə məşğuldur. Azərbaycanın hər yerindən sifarişlər alırıq. Sifariş olmadıqda isə məhsullarımızı elə Lahıcda da satırıq. Hazırda demək olar ki, Lahıcda qalayçı çox az qalıb. Ailədən iki uşağa bu sənəti öyrətmişik. İstərdik ki, onlar da öz davamçılarına bu sənəti öyrətsinlər, lakin düşünürəm ki, bu sənət artıq 20 ildən sonraya qalmaz”.

Nigar Məmmədova 
FOTO: Tapdıq Abdullayev