RUHUN  SEVGİ  FƏZİLƏTİ

23:46 13-08-2021 505

Bağışlayan və rəhm edən Allahın adı ilə

                                   

   Sevgi ruhun elə bir fəzilətidir ki,o,  hər bir insanda fitrətən verilmiş  ilahi nemət olub və ondan insanın  ətrafdakılarına  istəyi, məhəbbəti yarana bilir. Yaranmış istəklər sevginin özü deyil.

   Sevgi yalnız insan nəfsi paklaşıb ruh kimi olduqda insanla Allah (c.c) arasında yaranmış ülvi  bir hissdir. Ancaq, biz varlıq aləmində Allahın (c.c) bizə nəsib etdiyi beş hiss üzvü vasitəsilə dərk edib xoşladığımız  şeyləri sevdiyimizi deyirik.

   1.Gözün görüb xoşladığı şeylər. Məsələn, gözəl simalar, təbiətin füsünkar gözəlliklərin görüb sevmək.

   2.Qulağın eşidib xoşladığı şeylər. Məsələn, gözəl səslər, gözəl musiqini  qulaq vasitəsilə  eşidib sevmək.

   3.Qoxu bilməklə xoşlanan şeylər. Məsələn, gözəl ətirli gülləri  qoxlamaqla sevmək.

    4.Dad bilməklə dadlı təamları sevmək.

   5.Toxunaraq dəri vasitəsilə  incə, zərif  şeyləri sevmək.

İnsanın maddi aləmdə sevgisinin müxtəlif  növləri  vardır:

   1.İnsanın özünə və varlığına  olan sevgisi.

   2.Kişinin qadına, qadının kişiyə sevgisi.

   3.İnsanın ona başqası  tərəfdən  yaxşılıq etdiyinə görə sevgisi.

   4.İnsanın təbiətə olan sevgisi.

   5.Uşağın uşağa, qocanın qocaya, eyni peşə sahiblərinin  məsələn , həkimin həkimə sevgisi.

   6.İnsanın öz ixtirasına olan sevgisi.

   7.Ata-ananın övladlarına olan, qohumun qohuma olan sevgisi.

   8.Peyğəmbər, imam sevgisi. Əziz peyğəmbərimiz Məhəmməd (s.ə.s) belə buyurmuşdur: “Məni özündən, ailəsindən, oğul-uşağından artıq sevməyən şəxs mömin deyil.” 

    Peyğəmbər, imam sevgisindən də üstün ən ülvi sevgi Allah (c.c) sevgisidir. Yəni, insan Allahı (c.c) sevməli, hətta Ondan qeyrisinə  məhəbbət bəsləməməlidir. Ancaq bu elə də asan iş deyil. Bunu ancaq, arif insanlar bacararlar. Nəfsi paklanıb təskiyə olmayanlar  bu böyük xoşbəxtlikdən məhrumdurlar. Necə ki, Allah-Təala Özü buyurur: “Onlar dünya  həyatının zahirini bilirlər, batindən, axirətdən isə xəbərsizdilər.”

    Bir də insan  hər hansı şeyi sevməsə , ya insanda həmin şeyə qarşı  biganəlik, ya da  nifrət yaranar. Ancaq, Allahı (c.c) sevən kəsin daxilindən  bütünlüklə nifrət silinmişdir. Allah-Təala hədisi-qüdsdə  belə buyurur: ”Məni sevən, Mənlə dost olan bəndənin  gözü (bəsirət gözü) yalnız Məni “görür”, qulağı (qəlbin qulağı) da yalnız  Məni eşidir, dili də yalnız Məni çağırır.” Bu bəndə ətrafdakı  bütün insanlara  faydalı  olmağa çalışır.

Vidadi Hidayət