Azərbaycanlı rejissorun filmi Kazan müsəlman kinosu festivalının “Türk dünyası” proqramına daxil edilib

22:20 20-08-2021 454

Azərbaycanlı rejissor Rüfət Həsənovun “Daxildəki ada” filmi XVII Kazan müsəlman kinosu festivalının müsabiqədənkənar “Türk dünyası” proqramına daxil edilib.

Bu barədə Trend tədbirin rəsmi saytına istinadən məlumat yayıb.

Filmin süjetinə əsasən, dünyanın ən güclü qrossmeysterlərindən biri Seymur Tahirbəyov həyatının çətin günlərini yaşayır. Mühüm qarşılaşma öncəsi o, yalnız bir nəfərin yaşadığı adaya gedir.

Filmdə Azərbaycanın Xalq artıstləri Vidadi Həsənov, Qurban İsmayılov, Rafiq Əzimov, həmçinin Orxan Ata və Elvin Adıgözəl kimi aktyorlar çəkiliblər.

Qeyd edək ki, Kazan müsəlman kinosu festivalı 5-10 sentyabrda Tatarıstan paytaxtında keçiriləcək. Festivalın münsiflər heyətinin sədri Azərbaycanın Əməkdar incəsənət xadimi, kinorejissor, ssenarist və prodüser Elçin Musaoğlu təyin edilib. Həmçinin, Elvin Adıgözəlin “Biləsuvar” filmi “Tammetrajlı bədii filmlər”, Daniel Quliyevin “Bastard” kinolenti isə “Qısametrajlı bədii filmlər” kateqoriyasında müsabiqə proqramına qatılıb.