Onlar dünyanı gəzib, küçələrə səs salır - Röya və Rizvanla MÜSAHİBƏ

16:00 15-04-2019 11

Onlar “Street Cover” layihəsi ilə dünyanı gəzib Azərbaycan musiqilərini ifa edir, “1990-2000”lərin ən seçmələri” layihəsi ilə insanların marağına səbəb olurlar. 

HerGun.Az-ın əməkdaşı Röya Miriyeva və Rizvan Əliyev cütlüyü ilə söhbətləşib:

- Neçə yaşınızdan musiqi ilə məşğulsunuz?

Rizvan: Musiqi ilə uşaq yaşlarımızdan məşğuluq. 2011-ci ildən müxtəlif məkanlarda canlı musiqilərlə çıxış edirik. Məktəbli vaxtlarımda musiqi məktəbinə də getmişəm.

Röya: 14 yaşımda fərdi olaraq gitara və vokalla məşğul olmağa başladım. O ərəfələrdə canlı musiqilər ifa etdik.

- İşinizin çətin və sevdiyiniz tərəfləri nələrdir?

Röya: Hər ikisi qarşı tərəfdən – dinləyicidən asılıdır. Dinləyicilərdən yaxşı “feedback”, aura almasaq, dinləyici bizi anlamasa, yaxud biz hansısa enerjini dinləyiciyə ötürə bilməsək, ruh düşkünlüyü, emosional çətinlik yaşanır.

Xəstə olduğum vaxtlar ciddi problemlər yaşamışam, canlı musiqini yarımçıq qoymuşam. İşin özünü sevirik, enerjimizi çıxarmağa kömək edir. Dinləyici bizlə eyni aurada, eyni musiqi zövqündə olanda hər şey mükəmməl olur.

- “Street cover” layihənizdən əvvəl kafelərdən, ondan da əvvəl “Palmas” qrupundan tanınırdınız. Hər şey haradan başlayıb?

Rizvan: Hər şey 2011-ci ildə Fəvvarələr meydanındakı kiçik məkanda – kafedə başlayıb. Mən 2012-ci ildə, Röya 2014-cü ildə “Palmas” qrupuna qoşulduq.

- Azərbaycanda və xarici ölkələrdə ifalar etmisiniz. Hər ikisində musiqiyə marağın necə olduğunu müşahidə etmisiniz?

Röya: Azərbaycan xalqı çox musiqi duyumludur. Əhalinin 90 faizində musiqi sevgisi, ritm anlayışı var. Başqa ölkələrdə, xüsusən ABŞ-da insanlar hər şeylə maraqlanırlar, dilimiz, Rizvanın tarla ifa etməsi onlara maraqlı gəlir.

Azərbaycanda da insanlar canlı musiqi eşidəndə reaksiya verirlər, dinləmək istəyirlər.

- Xarici ölkələrdə başınıza gələn maraqlı hadisələr nələrdir?

Röya: Məsələn, ən sonuncu səyahətimizdə Mərakeşdə yol göstərmək adı ilə bizdən pul aldılar, soyulduq. Nə qədər versək də, qane olmurdular.

- İlham mənbəyiniz nələr və ya kimlərdir?

Rizvan: Keçmiş müğənnilərin 90 faizindən ilhamlanırıq. İstər Akif İslamzadə, Rəşid Behbudov, istərsə də bəstəkarlardan Emin Sabitoğlu, Elza İbrahimova... Onların mahnılarını ifa edəndə həzz alırıq, bizə stimuldurlar.

Röya: Nisbətən yeni nəsildən Aygün Kazımovadan ilham alıram. Ulduz anlayışı mənim üçün odur. Və digər bütün korifeylər... Ümumi olaraq isə gəzintilərimiz, səyahətlərimiz bizə ilham verir.

- Sizcə, Azərbaycanda musiqi sahəsi nə vəziyyətdədir?

Röya: Nəinki Azərbaycanda, dünyada musiqi sahəsində axsaqlıq var, musiqi bayağılaşıb, ucuzlaşıb. Köhnə mahnıları həmişə yeni imiş kimi dinləyirik. Amma indi dünyada mahnılar bir-iki sezonluq çıxır, tez unudulurlar, bir il sonra heç yerdə səslənmir, insan qulaq asmaq istəmir. Uzun müddət dildən düşməyən, dinləyə biləcəyimiz mahnılar yoxdur, çöküş var.

Rizvan: Səbəbi təklifin az olmasında görürəm. Dörd tərəfdən bayağı musiqi təqdim olunursa, məcbur qalıb dinləyirlər. Heç olmasa iki tərəfdən keyfiyyətli musiqi eşidilsə, insan seçim qarşısında qalacaq və zövqü formalaşacaq.

- Çıxışlardan əvvəl həyəcanlanırsınız?

Röya: Həyəcan, demək olar ki, olmur. Gündəlik olaraq canlı çıxışlar etməyimiz bunun öhdəsindən gəlməyə kömək edir. Böyük auditoriya qarşısına çıxanda həyəcan olur, amma o, oxuyana qədərdir. Gözünü yumub oxuyanda həyəcan keçib gedir.

- Musiqi ilə məşğul olmağa yeni başlayanlara nə kimi tövsiyələriniz var?

Rizvan: Zövqlü musiqilər dinləsinlər. İstər vokalist, istərsə də gitarist, pianistlər özlərini təkmilləşdirsinlər. “Bu, milyonlarla baxış qazanacaq” deyib onu etməsinlər.

Röya: Məncə, daha geniş, başqa rakurslardan baxmalıyıq. Ancaq Azərbaycan olaraq düşünməməliyik. Özümüzə qıraqdan – amerikalı, italyan, fars, ərəb kimi baxmalıyıq ki, necə görünür, necə təsir bağışlayır. Başqa ölkələrin musiqilərini dinləyib musiqimizə nələrsə qatmaq lazımdır.

- Gələcək üçün planlarınız nələrdir?

Rizvan: Bakıda və bölgələrdə müntəzəm olaraq konsertlər keçirmək. Ən böyük arzularımızdan biri odur ki, musiqiçilər həftəlik iş və korporativlə yox, konsertlə qazansınlar.

Röya: Konsert ifaçısı olmaq və bütün dünyanı gəzmək.

Nəzrin Həsənova