Britaniya təxliyə olunan əfqanıstanlılara müddətsiz yaşayış hüququ verəcək

04:00 02-09-2021 759

Əfqanıstanda Britaniya ordusu ilə əməkdaşlıq edən bütün təxliyə olunan əfqanıstanlılar heç bir vaxt məhdudiyyəti olmadan Britaniyada qala biləcəklər.

Britaniya hökumətinin bu qərarı “İsti qarşılama” əməliyyatı çərçivəsində həyata keçirilir.

Sənəddə deyilir ki, həmin şəxslərin hamısı həyatlarını yenidən qurmaq, iş tapmaq, təhsillərini davam etdirmək və yerli cəmiyyətlərinə inteqrasiya etmək üçün lazım olan həyati dəstəyi almalıdırlar.

“Əfqanıstanda Silahlı Qüvvələrlə işləyənlərə borcluyuq, onlara və ailələrinə Britaniyada həyatlarını yenidən qurmaq üçün lazım olan dəstəyi verməyə qərarlıyam”, - deyə Britaniyanın baş naziri Boris Conson bildirib.

Britaniya hökuməti əfqanıstanlı uşaqlar üçün əlavə məktəb yerləri yaratmaq üçün azı 12 milyon funt sterlinq ayıracaq və Britaniya universitetlərində əfqanıstanlı tələbələrin və aspirantların 300-ə qədərinə təqaüd verəcək. Bu kateqoriyalı əfqanıstanlıların sağlamlıq xidmətlərindən istifadə etmələri üçün əlavə 3 milyon funt sterlinq ayrılır və hər kəsə COVID-19 əleyhinə peyvəndlər təklif olunur.

Mənbə: “İnterfaks”