"Azərsu" ASC-nin məsul işçisi cərimələndi

11:45 19-08-2019 22

Bağlar Sukanal idarəsinin məsul işçisi cəzalandırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən HerGun.Az-a verilən məlumata görə, Xəzər dənizi sahillərində ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə nazirlik əməkdaşları tərəfindən Novxanı çimərliyi ərazisində reyd keçirilib.

Reyd zamanı Sumqayıt-Novxanı bağlar massivində formalaşan tullantı sularının birbaşa dənizə axıdıldığı və mərkəzi kanalizasiya şəbəkəsinə birləşmədiyi müəyyən olunub.

Faktla bağlı "Azərsu" ASC-nin Bağlar Sukanal idarəsinin əraziyə cavabdeh şəxsi Məzahir Dərgahov barəsində protokol tərtib olunub və o, vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə edilib.

Tullantı sularının dənizə axıdılmasının qarşısını almaq və çirkab suların kanalizasiya şəbəkəsinə yönəldilməsini təmin etmək məqsədilə Bağlar Sukanal idarəsinə icrası məcburi göstəriş  verilib.