Deputatdan İrana MESAJ: “İran nəticə çıxarmalıdır”

11:00 16-10-2021 484

“İranın bu gün aşkara çıxan narahatlığı əslində yeni məsələ deyil, bu, keçmişdən qaynaqlanır. Azərbaycanın güclü dövlət qurması, uğurlu xarici siyasət yürütməsi, 44 günlük Vətən müharibəsindən qalib ölkə olaraq çıxmasından sonra nüfuzunun regionda artması İranı narahat edir”.

Bunu HerGun.Az-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əhmədova Prezident İlham Əliyevin Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı fikirlərinə münasibət bildirərkən deyib.

İlham Əliyev həmin iclasda qeyd edib ki, Azərbaycan torpaqlarını işğaldan azad etməklə İranın Cəbrayıl rayonu vasitəsilə Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağlayıb.

Dövlət başçısı bildirib ki, Azərbaycan-İran sərhədinin digər sahələrində saxlanılan heroinin həcmi əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb.

J.Əhmədovanın fikrincə, İran qeyri-qanuni gəlir mənbəyinin əldən çıxmasını həzm edə bilmir.

“44 günlük müharibə İranla 132 kilometrlik sərhədin bərpasına gətirib çıxardı. Bu da 30 ilə yaxın müddətdə maneəsiz işləyən narkotrafik yolunun bağlanmasına səbəb oldu. Bu gün İran düşünməlidir ki, İran-Azərbaycan regional əməkdaşlığı İran-Ermənistan əməkdaşlığından daha önəmlidir”, - deyə J.Əhmədova əlavə edib.

Deputatın sözlərinə görə, Azərbaycan kimi güclənən, regionda nüfuzu gündən-günə artan dövləti Ermənistan kimi zəif ölkəyə qurban vermək heç də ağıllı addım deyil.

“Azərbaycan dövləti İranla dostluq münasibətinin qorunub saxlanmasının tərəfdarı olub və bunun üçün hər zaman mühüm addımlar atıb. Biz İrandan bu dostluq, qardaşlıq münasibətini 44 günlük müharibədə görməsək də, Bakı İranla münasibətlərin gərginləşməsinə yol açacaq qərarlar qəbul etmədi. Ancaq İran düşündü ki, Azərbaycan dövləti onların əməllərini sona qədər görməzlikdən gələcək”, - J.Əhmədova qeyd edib.

Deputat bildirib ki, Azərbaycan 44 günlük müharibə ilə sübut etdi ki, səbrinin bir sonu mövcuddur və qarşısında kim olursa-olsun öz milli təhlükəsizliyini qorumağa gücü var.

“İran bundan nəticə çıxarsa və dostluq münasibətinin qorunub saxlanılmasına çalışsa, daha yaxşı olardı”, - deyə J.Əhmədova fikrini yekunlaşdırıb.

Aqşin Kərimov