Şəhid ailələrinə mənzil verildi - FOTO

16:20 20-10-2021 346

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və müharibə əlillərinə, gözdən əlilliyi olan şəxslərə 50 mənzil təqdim edilib.

Nazirlikdən verilən məlumata görə, Abşeron rayonunda mənzillərin təqdim edilməsi tədbirində nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov və millət vəkili Şahin Seyidzadə iştirak ediblər.

Qeyd olunub ki, ötən dövrdə 11 min şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin edilib. 2021-2025-ci illərdə daha 11 min mənzil və fərdi evin bu kateqoriyalardan olan şəxslərə verilməsi nəzərdə tutulub. Onlardan 2021-ci il üzrə 3 min mənzil və fərdi evin verilməsi işləri davam etdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu il şəhid ailələri və müharibə əlillərinə artıq 1 800 mənzil verilib. 

Eyni zamanda Vətən Müharibəsi Qəhrəmanları və ya onlardan şəhid olanların ailələrinin, həmçinin gözdən əlilliyi olan şəxslərin, dövlət uşaq müəssisələri məzunlarının da mənzillə təminatı işləri aparılır.