Azərbaycanda sığorta bazarı böyüyüb: 65 milyon manatlıq ödəniş

12:20 26-10-2021 431

2021-ci ilin doqquz ayı ərzində sığorta şirkətləri tərəfindən yığılan sığorta haqlarının ümumi həcmi 655 620 200 manat, sığorta ödənişlərinin həcmi isə 373 491 200 manat olub.

HerGun.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, sığorta haqlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 12,7 faiz, sığorta ödənişlərinin həcmi isə 21,3 faiz artıb.

Bu onu göstərir ki, ölkədə sığorta sektoru 12,7 faiz böyüyüb. Eləcə də, sığorta ödənişlərinin də həcmi əhəmiyyətli dərəcədə - 65 729 500 manat artıb.

Belə ki, könüllü sığorta növü üzrə sığorta şirkətləri tərəfindən 447 971 700 manat, icbari sığorta növü üzrə isə 207 648 500 manat sığorta haqqı yığılıb. Könüllü sığorta növü üzrə yığımların həcmi icbari sığorta üzrə yığımların həcmindən 2,1 dəfə çox olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə könüllü sığorta növü üzrə yığım həcmi 11,5 faizə qədər, icbari sığorta növü üzrə yığımlar isə 15,5 faiz artıb.

Könüllü sığorta növü üzrə sığortalanan şəxslərə şirkətlər tərəfindən 280 839 500 manata qədər, icbari sığorta növü üzrə isə 92 651 700 manata qədər sığorta ödənişi edilib. Könüllü sığorta üzrə ödənişlərin həcmi icbari sığorta ödənişlərinin həcmini üç dəfə üstələyir.

2020-ci ilin eyni dövrü ilə müqayisədə könüllü sığorta növü üzrə sığorta ödənişlərinin həcmi 9,1 faiz, icbari sığorta növü üzrə ödənişlərin həcmi isə 42,2 faiz artıb.

Nigar Məmmədova