Nazirlikdən “Zəfər” altsistemi ilə bağlı AÇIQLAMA

18:00 27-10-2021 352

Yeni altsistem şəhid ailələri və qazilərin hüquqlarının təmin edilməsi sahəsində çevik məlumat mübadiləsinə imkan verəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Prezident İlham Əliyevin bu gün imzaladığı və ƏƏSMN-in Mərkəzləşdirilmiş elektron informasiya sistemində “Zəfər” altsisteminin yaradılmasını nəzərdə tutan fərmanla bağlı açıqlama yayıb.

Fərmana əsasən, Nazirlik 1 ay ərzində altsistemi yaradaraq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Dövlət Sərhəd Xidməti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və yerli icra hakimiyyəti orqanlarının həmin altsistemə çıxışını təmin edəcək.

Qeyd olunan qurumlar “Zəfər” altsistemi qurulandan sonra altı ay müddətində şəhid və şəhid ailəsi statusu, müharibə veteranı statusu almış şəxslərə dair məlumatları bu altsistemə daxil edib, dövlət başçısına məlumat verəcək. Eləcə də şəhid və şəhid ailəsi statusu, müharibə veteranı statusu verildiyi tarixdən 5 iş günü müddətində bu barədə məlumatlar altsistemə daxil ediləcək.

Həmçinin ƏƏSMN müharibə əlilləri barədə məlumatların “Əlillik” altsistemindən “Zəfər” altsisteminə ötürülməsini təmin edəcək.

“Zəfər” altsistemi şəhid və şəhid ailəsi statusu almış şəxslər, müharibə əlilləri və müharibə veteranları barədə məlumatları özündə əks etdirəcək, bu məlumatların mübadiləsi mexanizmi təkmilləşəcək.

Eyni zamanda, yeni altsistem dövlət orqanlarına və özəl qurumlara şəhid ailələri və qazilərə sosial dəstəyin təmin edilməsi işlərində daha operativ, sistemli, məqsədəuyğun tədbirlərin görülməsi üçün çevik məlumat mübadiləsi imkanı yaradacaq.