Quşçuluq müəssisəsi sakinləri üfunət iyində boğur - VİDEO

16:00 29-10-2021 362

Goradil quşçuluq müəssisəsindən çıxan üfunət iyi yaxınlıqda yaşayan sakinlərin canını boğazına yığıb. 

Quşçuluq müəssisəsi yaşayış evlərinin 10 metrliyində yerləşir. Nəzərə alsaq ki, küləkli havanın səmti Xəzər dənizi istiqamətində olur, o zaman sakinlərin nəfəsi, demək olar ki, əməlli-başlı kəsilir. 

Fabrik 1980-ci ildə tikilib istifadəyə verilib və bu günə kimi fəaliyyət göstərir. 

Araşdırma zamanı məlum olub ki, damazlıq yumurta istehsalı ilə məşğul olan Goradil quşçuluq müəssisəsi ətrafında uzun illərdir problem hökm sürür. Müəssisə rəhbərliyi ilə bələdiyyə arasında məhkəmə çəkişməsi də olub, fabrikin fəaliyyəti bir müddət dayandırılıb. Müəssisə hazırda fəaliyyət göstərsə də, sahibini iş yerində tapmaq mümkün olmayıb. İçəridə çəkiliş aparılmasına da razılıq verilməyib. 

Müəssisə rəhbəri Ələkbər Qarayev şifahi olaraq səsləndirilən iddiaların əsassız olduğunu deyib, sakinlərin şikayətinə görə isə Goradil bələdiyyəsini günahlandırıb. Bildirib ki, yerli bələdiyyə bilərəkdən quşçuluq müəssisəsi yaxınlığında sakinlərə yer verib. 

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, adıçəkilən ərazidə üfunət iyi varsa, bu, birmənalı qanun pozuntusudur. Amma bu məsələ onların səlahiyyətində deyil.