Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun doğum günü münasibətilə tədbir keçirilib - FOTO

23:20 29-10-2021 337

Bu gün Azərbaycanın Müdafiə Nazirliyinin və Xətai rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Ceyhun Həsənovun doğum günü münasibətilə şəhidin yaşadığı binanın qarşısında qoyulmuş Xatirə lövhəsinin qarşısında mərasim keçirilib. 

Tədbirdə, Müdafiə Nazirliyinin, Xətai rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, qazilər, məktəblilər, şəhidin ailə üzvləri, Vətən müharibəsi iştirakçıları, eləcə də YAP Xətai rayonu təşkilatının sədri Vüqar Rəhimzadə, tanınmış incəsənət ustaları və məktəblilərin, eləcə də Cəmşid Naxçıvanski adına hərbi liseyin və Heydər Əliyev adına Ali Hərbi Məktəbin müdavimləri  iştirak ediblər. 

Şəhidlərimizin  əziz xatirəsi bir dəqiqəlik sayğı duruşu ilə yad edildikdən sonra, dəniz qoşunlarının hərbi orkestrinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Şəhidimizin ruhuna dualar oxunub, xatirə lövhəsinin qarşısına əklil və tər güllər düzülüb. 

Şəhidin atası Aydın Həsənov və anası Səmayə Həsənova göstərilən diqqət və qayğıya görə ölkə başçısına, Ali baş komandan İlham Əliyevə, Müdafiə Nazirliyinin və rayon icra hakimiyyətinin rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.