Bakının hərbi strategiyası: Sülhməramlılar yerləşdirilən ərazilərdəki vəziyyət təhlil olunur - ŞƏRH

16:00 01-11-2021 405

Postmünaqişə dövründə Azərbaycan hərbi strategiyanı yeni fazaya daxil edərək Ermənistan üzərində keyfiyyətcə yeni üstünlüklər qazanan addımlara gedir.

Hərbi üstünlüklər postmüharibə dövründəki risklərə qarşı preventiv tədbirlər kompleksinin təmin edilməsinə hesablanan strategiyanın tərkib hissəsidir.  

Hərb sahəsindəki əlavə dividentlər Ermənistanın əlini-qoluna kilid vuran aktların həyata keçirilməsidir. Bakının hərbi sahədəki strategiyasını belə təsnifatlandıra bilərik:

1. Azərbaycan ölkəyə ən müasir silahların tədarükünü davam etdirir.

Fikir verirsinizsə, müharibə başa çatsa da, Azərbaycan hərbi xərclərini azaltmır. Yeni hərbi hissələrin istifadəyə verilməsi həm də ordu arsenalına yeni silahların daxil edilməsini şərtləndirir.

Hələlik Azərbaycanın hərbi əməkdaşlıq sferasında Türkiyədən idxal etdiyi məhsullara dair rəsmi məlumatlar mövcuddur.

Türkiyə İxracatçılar Birliyinin məlumatına əsasən, bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 184 milyon dollarlıq müdafiə və aviasiya sənayesi məhsulları gətirilib.

Bundan başqa, rəsmi xəbər olmasa da belə, Azərbaycanın İsraildən də yeni silahlar aldığına dair məlumatlar xəbər lentlərini bəzəyir.

Bununla belə dəqiq olanı budur ki, Azərbaycanla İsrail artıq birgə silah istehsalına başlayıb. Bu mövzuda qısa xatırlatma verək:

İsrailin “Meteor Aerospace” şirkəti ilə Xəzər Gəmiqayırma Şirkəti birgə müəssisə yaradıb, müəssisə “Caspian Meteor” adlanır.

Azərbaycanda yerləşən müəssisə yerli sənaye potensialından və infrastrukturundan yararlanaraq milli müdafiə ehtiyacları üçün proqressiv həllər təqdim edir.   

2. Azərbaycan Ermənistanla dövlət sərhədində strateji nöqtələrdə möhkəmlənir. Bu möhkəmlənmə Zəngəzur dəhlizinin icrasına hədəflənən addımların siyahısına daxildir.

Strateji zirvələr Azərbaycanın hərb meydanındakı əlini gücləndirir və bu, aparılan danışıqlarda da prosesləri Bakının xeyrinə yönəldir.

3. Azərbaycan yeni ordu modelinə keçir, Türkiyə Silahlı Qüvvələrinin praktikası tətbiq edilir ki, bu da Azərbaycan Ordusunda peşəkarlığı artırır.

4. Azərbaycan Ordusu təlimləri intensivləşdirir, eyni zamanda Türkiyə xüsusi təyinatlı qüvvələri ilə birgə məşqlərin sayı getdikcə artır. Bu cür ortaq təlimlər işğaldan azad edilmiş coğrafiyalara da daşınır.

5. Rusiya sülhməramlıların nəzarət zonasına daxil olan bölgələrdəki vəziyyət hərbi cəhətdən də təhlil olunur.

Bu zamana qədər yazdığımız 5-ci bənd onsuz da Bakının gündəliyində olub, lakin oktyabrın 30-da müdafiə naziri Zakir Həsənovun keçirdiyi hərbi müşavirədə bununla bağlı məsələnin müzakirəyə çıxarılması diqqət çəkir.

Azərbaycanla Ermənistan arasında təmasların intensivləşdiyi, İrəvanın yeni güzəştlərə gedəcəyi ərəfədə bu məlumatın analizinə ehtiyac yaranır.

Deməli, Bakı sülhməramlı kontingentin müvəqqəti yerləşdirildiyi ərazilərin hərbi xarakteristikasını daha dərindən təhlil etməyi özünün prioritetlərinə daxil edib.

Bu isə 2020-ci il 10 noyabr üçtərəfli bəyanatının 4-cü bəndinin icrasında açıq qalan məsələlər fonunda diqqət çəkir.

Söhbət ondan gedir ki, Azərbaycan həmin bəndin icra olunmayacağı təqdirdə hərb variantını işə salacağını heç zaman istisnalar siyahısına daxil etməyib.

Yekun olaraq deyə bilərik ki, bundan sonra da sülhməramlıların məsuliyyət dairəsində olan ərazilərdəki hərbi vəziyyətin təhlili davam etdiriləcək. Şübhəsiz ki, bu məsələdə Bakı-Moskva xəttindəki məlumat mübadiələri də önə çıxacaq. Bu, optimal hərbi qərarların verilməsi baxımından önəmlidir.

Həmin gedişat Bakının perspektiv hədəflərini gücləndirən amillər sırasındadır.

Aqşin Kərimov