Polis: “Yaşlı xanıma deməyə söz tapmadım” - FOTO

17:40 01-11-2021 367

Son günlər hərəkət iştirakçılarının avtomobil yollarına, küçələrə məişət tullantıları atmasına dair faktlar artıb. Təəssüf ki, küçələrdə rastlaşdığımız həmin xoşagəlməz mənzərə fərd olaraq tək bir insanı yox, hər kəsi narahat edir. 

Paytaxtın əsas küçə və prospektlərində, eləcə də yol kənarlarında atılan zibillər həm şəhərin görünüşünü pozur, həm antisanitar vəziyyət yaradır, həm də Mənzil Kommunal Təsərrüfatı Departamentinin əməkdaşlarının işini birə beş daha da artırır. 

Müasir dövrdə digər ölkələrdə olduğu kimi bizdə də zibil qutuları məişət tullantılarının növlərinə müvafiq olaraq çeşidlənib. Lakin təəssüf ki, bəzi insanlar bu qaydalara riayət etmədiyi üçün küçələrin əvəzinə zibil konteynerləri təmiz qalır.

Bəs görəsən qanunvericilikdə nəqliyyat vasitələri hərəkətdə olarkən sürücü və ya sərnişinlərin nəqliyyat vasitəsindən yola məişət tullantıları (su şüşələri, müxtəlif növ qablaşdırılmış qida qalıqları və s.) atması ilə bağlı müvafiq cərimələr nəzərdə tutulubmu?

Məsələ ilə bağlı HerGun.Az-a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, bu faktlarla qanunvericiliyin normaları çərçivəsində mübarizə aparılır:

“Aidiyyəti üzrə tərəfimizdən bu kimi hallara yol verən hərəkət iştirakçıları ilə mübarizə aparılır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi (Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması) ilə həmin şəxslərə 40 manat məbləğində cərimə tətbiq edilir. Lakin təəssüf ki, cərimələrə baxmayaraq, bu gün də bənzər hərəkətə yol verənlər var. 

İstər polis kimi, istərsə də vətəndaş kimi bu məsələ bizi narahat edir. Bir dəfə küçələrdən məişət tullantılarının təmizlənməsi ilə məşğul olan işçilərdən biri mənə yaxınlaşdı. Hər gün yol kənarlarından məişət tullantıları toplamaqdan yorulduqlarını dedi. Bir yaşlı qadının dediyi məni çox utandırdı. Xanım mənə “Zəngilandanam, bizim rayonda artıq ağıllı kənd layihəsi hazırlanır, amma o cür müasir şəraitdə cəmiyyətimizin bəzi üzvləri bu ağılla orada necə yaşayacaq?”, - dedi. Düzünü deyim, mən o xanıma deməyə söz tapmadım, utandım. Avtomobillərdən küçəyə zibil atanda nə olur? Bu hərəkətə yol verən insanlar nə düşünür? Çalışmalıyıq ki, cəmiyyət olaraq həm qaydalara riayət edək, həm də insan kimi mənəvi keyfiyyətlərimizi qorumaqla cəmiyyətdə bir-birimizin üzərinə düşən məsuliyyəti daha da ağırlaşdırmayaq”.

Könül Cəfərli