Nazirlikdən 13 yaşlı qızının hesabına dərman alan atanın əlillik müraciətinə CAVAB

16:20 02-11-2021 407

Zərdab rayon, Çallı kənd sakini İsayev Samir Tahir oğlunun ürəyindəki problemlə bağlı azyaşlı qızının məktəbdən sonra pambıq yığaraq atasına dərman alması ilə bağlı xəbər vermişdik. Sözügedən məsələ ilə bağlı aidiyyəti qurumlar tərəfindən aparılan araşdırmanın nəticələri bəlli olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov HerGun.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Zərdab rayon sakini İsayev Samir Tahir oğluna əlillik təyin edilməməsinə səbəb onun sağlamlıq vəziyyətinin əlillik səviyyəsində olmamasıdır:

“S.İsayevin müraciəti əsasında o, 21.10.2021-ci il tarixində əyani müayinəyə dəvət edilib. Xəstəlik sənədləri, eləcə də onunla bağlı səhiyyə müəssisəsinin elektron sisteminə daxil etdiyi göndəriş əsasında qiymətləndirmə aparılıb. Bu zaman onun ürəyinin atım fraksiyasının göndərişdə 38 % qeyd olunmasına, qan dövranı çatışmazlığının ikinci dərəcə yazılmasına baxmayaraq, ötən il M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin təqdim etdiyi sənəddə ürəyinin atım fraksiyasının 51 %, bu ilin may ayında isə Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Kardiologiya İnstitutunun təqdim etdiyi sənəddə isə 55 % olduğu müəyyən edilib. Beləliklə, Samir İsayevin hazırkı vəziyyətinin əlillik səviyyəsində olmadığı bir daha müəyyən edilib və oktyabr ayında verilən imtina qərarı qüvvədə saxlanılıb”.

Könül Cəfərli