Özbəkistanda prezident seçkilərini müşahidə edən azərbaycanlı jurnalistlər fikirlərini bölüşüblər - FOTO

19:40 02-11-2021 494

“Yeni Azərbaycan” qəzetinin redaksiyasında Özbəkistandakı prezident seçkilərinin müşahidəsinə həsr olunmuş tədbir keçirilib.

“Report” xəbər verir ki, tədbirdə adıçəkilən ölkə səfirliyinin əməkdaşları, seçkilərdə müşahidəçi qismində iştirak etmiş Azərbaycan media qurumlarının nümayəndələri bir araya gəlib.

Özbəkistanın Azərbaycandakı səfirliyinin əməkdaşları Bəhram Qayıbov və Məhəmmədcan Batırəliyev qeyd ediblər ki, Azərbaycan KİV-lərində seçkilərin hərtərəfli işıqlandırılması iki ölkə arasındakı qardaşlığın daha bir bariz sübutudur.

“Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev seçkilərin şəffaf və demokratik keçirildiyini qeyd edib: “Bunlar Özbəkistanın dünyaya açılmasından, yeni islahatlara hazır olmasından xəbər verir”.

“Öztransgaz” dövlət şirkətinin rəhbərilə müsahibəsinə toxunan “Report” direktoru qeyd edib: “Özbəkistan bütün dünyada qaz ixracatçısı kimi tanınsa da, bu ölkə həm də qaz idxal edir. Bununla yanaşı, ölkədə qaz emalı, bərpa olunan enerji mənbələri kimi sahələrdə də böyük layihələr icra olunur”.

“Yeni Azərbaycan” qəzetinin baş redaktor müavini Nəzirə Nurullayeva da seçkilərin yüksək səviyyədə təşkil olunduğunu dilə gətirib.

“Mədəniyyət” jurnalının baş redaktoru Zöhrə Əliyeva Azərbaycanla Özbəkistan arasındakı ədəbi əlaqələrin qədim tarixə malik olduğunu, səfər çərçivəsində azərbaycanlı media nümayəndələrinin Özbəkistanda bir sıra mədəniyyət mərkəzlərinə baş çəkdiklərini bildirib.

“Region Plus” jurnalının baş redaktoru Namiq Mayılov Özbəkistan seçicilərinin gənclərdən tutmuş, yaşlılaradək fəal şəkildə səsvermədə iştirak etdiklərini qeyd edib. Onun fikrincə, bu da onların doğma ölkənin gələcəyini düşündüklərini göstərir.

Xatırladaq ki, Özbəkistanda oktyabrın 24-də keçirilən prezident seçkilərində hazırkı dövlət başçısı Şövkət Mirzoyeyev səslərin 80,12 faizini qazanıb.