Piroqrafiya ilə çəkilmiş “Dəmir yumruq” - VİDEO

17:40 04-11-2021 428

44 günlük Vətən müharibəsində ordu və xalq birliyi, uşaqdan-böyüyə hər kəsin bir yumruq kimi birləşməsi Azərbaycanı qalib etdi. 

Bu böyük zəfərdə demək olar ki, hər bir vətəndaşın payı var: təqaüdünü orduya yazdıran babanın da, təmas xəttində olan dağılmış evində əsgərlərimizə “pirojki” bişirən nənənin də. 
Usta Rəşid Kazımov da zəfərimizin ildönümünü həyəcanla gözləyənlərdən biridir. Onun da yolu Qarabağ savaşından keçib. Hazırda isə böyük sevgi ilə “Dəmir yumruq” əsərinin üzərində işləyir. 

Rəşid Kazımov müxtəlif növ taxta materiallarından işləmə üsulu ilə növbənöv məişət əşyaları və suvenirlər hazırlamaqda mahirdir. Onun gördüyü işin qəribə tərəfi isə odur ki, hazırladığı portretləri qələmlə, mürəkkəblə yox, xüsusi avadanlıqla parça üzərində yanıq izi ilə canlandırır.

Ustanın hazırda hərbi xidmətdə olan yeganə oğlu da rəssamdır və onlarla tablo müəllifidir. Bir neçə günlük məzuniyyətə gələn Əliturab həm vətəni, həm də sənəti sevməyi atasından öyrəndiyini deyir. Rəşid Kazımov qonşu ölkələrdə tədris olunan bu sənətin Azərbaycanda da inkişaf edərək gələcək nəsillərə çatdırılmasını arzulayır.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik: