Bakıda avtobuslarda cibgirlik edən 12 nəfər SAXLANILDI - FOTO/VİDEO

17:40 06-11-2021 475

Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində avtobuslarda cibgirliklə məşğul olan şəxslərə qarşı növbəti silsilə əməliyyatlar həyata keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, nəticədə cibgirliklə məşğul olan 12 nəfər saxlanılaraq məsuliyyətə cəlb edilib.

Əməliyyatlar zamanı əvvəlcə paytaxtın Nizami rayonunda avtobuslarda cibgirlik edən Salman İbrahimov, onunla birlikdə eyni əməlləri törədən İlqar Bağırov, Emil Məmmədov və Elçin Əliyev tutulub. Həmin şəxslərin ətraflarında həyata keçirilən tədbirlərlə onların ayrı-ayrı vaxtlarda Nizami rayonunda müxtəlif marşrut xətləri ilə hərəkət edən avtobuslarda 10-a yaxın qadın sərnişinin cibindən və çantasından mobil telefonlar oğurladıqları məlum olub.

Qeyd edək ki, onların törətdikləri hadisələrin bir neçəsi, həmçinin, cibgirlik edəndən sonra həmin məkanlardan yayınmaları müşahidə kameraları vasitəsi ilə lentə alınıb.

Baş idarə əməkdaşları tərəfindən Yasamal rayonunda həyata keçirilən əməliyyat zamanı isə Bədəl Hüseynov və Elman Bəndəliyev saxlanılıb. Bu şəxslərin əsasən avtobuslarda insanların sıx olduğu saatlarda yeddi qadının çantasından pul kisəsi və mobil telefonlar oğurladıqları müəyyən edilib. Onlar cibgirlik yolu ilə əldə etdikləri pul kisələrindəki maddi vəsaitləri götürəndən sonra orada olan sənədləri tulladıqlarını, mobil telefonları isə paytaxtın müxtəlif nöqtələrində yerləşən mağazalarda satdıqlarını qeyd ediblər. Bu şəxslərin də törətdikləri hadisələr avtobus və dayanacaqlarda olan müşahidə kameraları vasitəsi ilə lentə alınıb.

Xətai və Nəsimi rayonlarında həyata keçirilən əməliyyatlar zamanı da avtobuslarda cibgirliklə məşğul olan Nəsimi Babayev, onunla birgə əlbir olan Azər Misdimov, Elman Əliyev və Adil Hüseynov saxlanılıblar. Onların avtobuslarda etdikləri cibgirliklər toplanan təkzibedilməz faktlarla tam sübuta yetirilib.

Digər əməliyyat zamanı isə İsa Əliyev və Tural Məmmədov saxlanılıb. Bu şəxslərin ictimai nəqliyyatda dörd qadının çantasından cibgirlik yolu ilə pul kisəsi oğurladıqları müəyyən edilib. Saxlanılan zaman Tural Məmmədovun üzərindən narkotik vasitə olan heroin də aşkar olunaraq götürülüb. Onların da törətdikləri hadisələr avtobus və dayanacaqlarda olan müşahidə kameraları vasitəsi ilə lentə alınıb. Bu şəxslərin ətraflarında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Cibgirlik etdikləri üçün saxlanılan 12 nəfərin paytaxt ərazisində digər analoji cinayətlər etdikləri də istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdəki rəsmi səhifələrinə, Bakı Şəhər Baş Polis İdarəsinə və “102” Xidməti-Zəng Mərkəzinə və məlumat verə bilərlər.

Sonda qeyd edək ki, cibgirlik etdikləri üçün saxlanılanların hər biri əvvəllər dəfələrlə məhkum olunublar və tutulan zaman hər birinin üzərindən müxtəlif növ narkotik vasitələr aşkar edilib.