“Vətən müharibəsi - qələbənin simaları” fotomüsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTO

18:20 06-11-2021 381

Noyabrın 6-da Heydər Əliyev Mərkəzində “Vətən müharibəsi - qələbənin simaları” fotomüsabiqəsinin qaliblərinin mükafatlandırılması və sərgi keçirilib.

HerGun.Az xəbər verir ki, müsabiqə Heydər Əliyev Mərkəzi, “Regional İnkişaf” İctimai Birliyi (RİİB), Medianın İnkişafı Agentliyinin(MEDİA), Media Təhlil Mərkəzi (MTM) və Azərbaycan Fotoqraflar Birliyinin (AFB) təşkilatçılığı ilə reallaşıb.

Məqsəd 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən torpaqlarımızın işğaldan azad olunması zamanı yaşanmış hadisələri, zabit və əsgərlərimizin döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdikləri qəhrəmanlıqlarını fotolar vasitəsilə geniş ictimaiyyətə bir daha çatdırmaqdır.

Sentyabrın 30-dan start verilən müsabiqəyə fotolar noyabrın 1-dək göndərilib. Bir iştirakçıya bir neçə foto təqdim etmək imkanı yaradılıb. Təqdim olunan fotolar müsabiqə müddətində “İnstagram”da “foto.musabiqe”səhifəsində paylaşılıb.

Müsabiqəyə göndərilən yüzlərlə fotodan 3 nominasiya üzrə 50 foto seçilərək sərgidə nümayiş etdirilib.

Münsiflər heyəti tərəgindən fotolar peşəkar və həvəskar çəkiliş kateqoriyaları üzrə qələbənin simaları, müharibə dağıntıları, müharibə xatirələri, ziyarətçilərin sosial mediadakı səhifədə baxış və bəyənmələri üzrə nominasiyalara uyğun qiymətləndirilib.

Qaliblərə diplom və hədiyyələr, sərginin bütün iştirakçılarına isə sertifikatlar təqdim edilib. Müsabiqəyə təqdim edilən fotolardan ibarət sərgi təşkul edilib.

Qeyd edək ki, noyabrın 10-dək ziyarətçilərin ixtiyarında olacaq sərgidə münsiflər heyəti tərəfindən seçilən fotolar nümayiş etdirilir.

Könül Cəfərli
FOTO: Firudin Səlimov