Peru paytaxtında Zəfər Gününə həsr olunan möhtəşəm şou - FOTO/VİDEO

14:20 08-11-2021 353

Azərbaycanın Zəfər Günü münasibətilə Perunun paytaxtı Lima şəhərinin ən çox ziyarət edilən “Parque de la Reserva” mərkəzi parkında şəhər bələdiyyəsinin dəstəyi ilə musiqili fəvvarə şousu təşkil olunub.

Azərbaycanın Meksikadakı Səfirliyindən verilən məlumata görə, parkın fəvvarələri Azərbaycan dövlət bayrağının rəngləri ilə işıqlandırılıb.

Eyni zamanda, gecə boyu xüsusi lazer-işıqlandırma texnologiyası ilə fəvvarələr üzərində tanınmış Azərbaycan bəstəkarlarının əsərləri, eləcə də vətənpərvərlik ruhunda musiqilərin müşayiəti ilə Azərbaycanın Vətən müharibəsindəki qələbəsi, Bakıda təşkil olunmuş Zəfər paradı, habelə ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti və turizmi barədə video və foto kadrlar nümayiş etdirilib və parka gələn minlərlə ziyarətçi tərəfindən maraqla izlənilib.

Mərasimdə Peruda akkreditə olunmuş diplomatik korpus üzvləri, ictimaiyyət nümayəndələri və şəhər sakinləri iştirak ediblər.