FIBA-dan millimizə dəvət gəlib
Basketbol üzrə milli komandamıza FIBA (Beynəlxalq Basketbol Federasiyası) tərəfindən dəvət gəlib.
Azərbaycan Basketbol Federasiyasının baş katibi Vüqar Əzimovun HerGun.Az-a verdiyi məlumata görə, bu səbəbdən də milli komandamız Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının zalında məşqlərə başlayıb.
Ancaq onun sözlərinə görə, hələ rəqiblər bəlli deyil:
“Pandemiyaya görə hələ yarışın keçirilmə məkanı bəlli deyil. Hələ püşk də atılmayıb. Ancaq komandamızın C divizionunda yarışacağı dəqiqdir”.
Qeyd edək ki, komandamız ötən il iyunun 28-dən iyulun 4-dək İrlandiyada kiçik ölkələrin Avropa çempionatında yarışmalı idi. Ermənistan, İrlandiya və Andorra ilə bir qrupda yer alan yığmamızın oyunları pandemiyaya görə ləğv olunmuşdu.
Səbuhi Musayev