Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər tutuldu

16:00 18-12-2021 392

Abşeronda narkotik vasitənin təsiri altında maşın idarəedən sürücü saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dekabrın 16-da Siyəzən rayon sakini, əvvəllər məhkum olunmuş İlham Quliyevin idarə etdiyi “Khazar” markalı avtomobil Abşeron rayonu ərazisində saxlanılıb.

Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edildiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə protokol tərtib olunaraq Abşeron Rayon Polis İdarəsinə təhvil verilib.

Şəxsi axtarış zamanı onun üzərindən marixuana aşkar edilərək götürülüb.

Daha bir bənzər hadisə dekabrın 17-də Şəmkir rayonu ərazisində qeydə alınıb.

Belə ki, Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Salyan rayon sakini Polad Əmirxanovun idarə etdiyi KİA markalı avtomobil Şəmkir rayonu ərazisində saxlanılıb.

Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edildiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə protokol tərtib olunub. 

Şəmkir rayon məhkəməsinin qərarı ilə P.Əmirxanov 400 manat məbləğində cərimələnib.