Ədalət Turan: “İlham Əliyev işğala son qoyaraq bizi qəlbimizdəki yurd nisgilindən azad etdi”

20:00 22-12-2021 662

“Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi və hərbi-siyasi uzaqgörənliyi sayəsində otuz ilə yaxın dövr ərzində erməni tapdağı altında olan doğma torpaqlarımız işğaldan azad edildi. Bununla uzun illərdir sağalmaz yara kimi gəzdirdiyimiz yurd nisgilindən qəlbimizi azad etdiyinə görə Müzəffər Ali Baş Komandana sonsuz minnətdarlığımızı bildiririk. Bu, yalnız Azərbaycanın deyil, bütün türk dünyasının tarixi Qələbəsidir”.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının İdarə Heyətinin sədri Ədalət Turan bildirib.

2006-cı ildə qurulan və Türkiyənin müxtəlif şəhərlərində fəaliyyət göstərən 22 Azərbaycan dərnəyini özündə birləşdirən Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası adından Prezident İlham Əliyevə 60 illik yubileyi münasibətilə ən xoş arzularını çatdıran Ədalət Turan ölkəmizin dünya dövlətləri arasında layiqli yerini tutması üçün ulu öndər Heydər Əliyev tərəfindən başladılan böyük bir tarixi missiyanı həyata keçirmək üçün çıxdığı bu çətin, amma şərəfli yolda dövlətimizin başçısına müvəffəqiyyətlər diləyib.

“Türkiyədə yaşayan soydaşlarımız adından bəyan etmək istəyirik ki, ölkə diasporunun bir parçası olaraq doğma Azərbaycanımızı burada layiqincə təmsil etmək, qardaş respublikanın ictimai-siyasi həyatına dərindən inteqrasiya etmək, ölkələrimiz arasındakı əlaqələrin daha da möhkəmlənməsinə töhfə vermək üçün bütün qüvvəmizlə çalışırıq və çalışacağıq. Bu, çətin və məsuliyyətli yolda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyini daima hiss edirik”, - deyə Ədalət Turan bildirib.