Müharibədən sonra iki il ərzində Ermənistan görməli olduğu işlərin heç birini görməyib

16:33 14-01-2023 40

   Artıq bütün dünya bilir ki, Azərbaycanın missiyası həmişə sülh olub. Ancaq səmərə verməyən sülh danışıqları və yaxud cəhdləri artıq buna yer qoymadığı halda təbii ki, müharibə yolunun qaçılmazlığı mövcuddur. Bu gün dünyada dondurulmuş və həlli çətinə düşmüş münaqişələrin əksəriyyətinin səmərəsiz danışıqlarla uzadıldığı məlum olur. Ancaq bu münaqişədən əziyyət çəkən tərəflərin hərbi yolu seçə bilməsi və belə riskli addımı atmağın məsuliyyətini öz üzərinə götürməsi məsələsi güclü siyasi lider, xalqdan çox böyük siyasi iradə, milli həmrəylik, mükəmməl ordu və iqtisadi inkişaf tələb edir.

   Müharibəyədək, hətta müharibə zamanında Azərbaycanın sülhməramlı missiyasını heç bir dövlət inkar edə bilməz. Ona görə ki, Azərbaycan 30 ilə yaxın bir tarixdə yalnız bu mövqedən çıxış etmişdir. Tələbləri isə çox sadə və ədalətli idi. Azərbaycan torpaqlarından erməni işğalçıları çıxmalıdır. Bu sadə həqiqətlərin dərk edilməməsi, böyük fəlakətlərə gətirib çıxaran əsas səbəb idi. Əslində, dünyanın heç bir ölkəsi Türkiyə və Pakistan dövlətləri istisna olmaqla, erməniləri bu yoldan çəkindirmək üçün heç bir əməli fəaliyyətə malik olmadılar. Bir çox maraqlı qüvvələr, əslində, ermənilərə yalan vədlərin verilməsi ilə onları acı məğlubiyyətə düçar etdilər. Hətta Azərbaycan Prezidenti cənab İlham Əliyev müharibə başlanan ərəfədə bildirmişdir ki, “işğal edilmiş bütün ərazilərdən çıxmaq müddətini bizə təqdim edəcəkləri anda biz dayanmağa hazırıq. Əgər erməni tərəfi mənim sözlərimə qulaq assaydı, o halda onların məğlubiyyəti bu dərəcədə alçaldıcı və ağrılı olmazdı, bu qədər tələfat da olmazdı. Bununla yanaşı, Ermənistan tərəfi baş nazirin şəxsində Prezident Putinin sözlərinə də qulaq asmadı. Mən deməliyəm, təbii ki, bizim Ermənistanın baş naziri ilə əlaqəmiz olmayıb və yoxdur. Lakin Prezident Putin vasitəsilə bir növ bir-birimizə müxtəlif mesajlar ötürürdük. Bildiyimə görə, Rusiya Prezidenti də bu barədə deyib ki, Ermənistan baş naziri onun sözlərinə qulaq asmayıb və bununla da vəziyyəti o dərəcədə ağırlaşdırıb ki, kapitulyasiya haqqında aktı haradasa, hansısa qaranlıq otaqda imzalamağa məcbur olub”.

      "Müharibədən sonrakı iki il ərzində Ermənistan görməli olduğu işlərin heç birini görməyib. Əgər ritorikanı, bu şikayət intonasiyasını kənara qoysaq, praktiki olaraq xarici dövlətlərin başçıları ilə hər bir görüşdə sadəcə xəbərçilik edir. Mən buna başqa ad tapa bilmirəm. Bu, sadəcə cılız qeybət, xəbərçilikdir". Bu fikirləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində söyləyib.

     Dövlət başçısı deyib: “Bu kontekstdə Ermənistanın hakimiyyət orqanları məsuliyyəti tamamilə öz üzərinə götürməli və sülh müqaviləsi imzalanmasına hazır olmalıdır. Xüsusən ona görə ki, mən əvvəlcədən demişəm, biz bu beş prinsipi irəli sürəndə də demişdim ki, bu, hansısa çoxcildlik olmamalıdır. Bu, çox sadə bir kağız, əsas prinsipləri əks etdirən sadə sənəd olmalıdır. Əlbəttə, orada bizim daxili problemlərimiz və Qarabağ ilə bağlı bütün məsələlər barədə söhbət də ola bilməz. Fikrimcə, Ermənistan rəhbərliyinin məsələni uzatmasının bir səbəbi məhz budur. Ona görə ki, onlar qərar qəbul etməli və mahiyyət etibarilə Praqada qeydə alınmış, sonra oktyabrda Soçidə təsdiq edilmiş məsələləri təsbit etməlidirlər”.

          Azərbaycan strateji baxışları keçmişin, bu günün və gələcəyin reallıqlarını çox aydın baxış və təsəvvürlər vasitəsi ilə təhlil etmə dövrünü yaşayır. Dünya informasiya məkanında Azərbaycan həqiqətləri tarixin yeni səhifələrini açarkən təkcə bu günün deyil, mövcud həqiqətlərin tarixinin kökündən izahını verib. Vaxtilə “Arsax müstəqil dövlətdir” kimi dünyanı aldatmağa yönələn cəfəng fikirlərin alt–üst edilməsi də tarixi yaddaşın həqiqətlərinin üzə çıxarılmasına xidmət etmişdir. Ona görə ki, bu addım tarixi faktların dili ilə sübut olunaraq, əsl həqiqətin harada olduğunu dünyaya çatdırır. Ermənistan adlı dövlətin tarixən digər ölkələrdən asılı vəziyyətdə olması və onların hakimiyyətə gələn siyasətçilərinin maraqlara xidmət edən populist çıxışları, xalqı aldatmaq yolunu tutmaları danılmaz həqiqətlərdir. Bu gün tarixə qayıdış zərurəti Ermənistan üçün ona görə çox vacibdir ki, onların dövlətçilik tarixində “arsax” adlı bir dövlətin mövcudluğu haqqında mif, hətta Ermənistanın mövcudluğunu sual altında qoya bilər. Çünki onların təfəkkürü yalan miflər yaratmaqdan qabağa gedə bilməmişdir.

       Beləliklə, Azərbaycanın tarixi yaddaşa əsaslanan möhkəm dövlətçilik təfəkkürü nəinki öz ərazi bütövlüyünü təmin etdi, dünyada mövcud olan dondurulmuş münaqişə ocaqları haqqındakı stereotipləri əslində sındırdı. Prezident, cənab İlham Əliyevin dərin məntiqə söykənən fikirləri bizim tarixi yaddaşımız və gələcək hədəflərə nail olmağımız üçün növbəti strateji yol xəritəsidir.

     Odur ki, qələbə və postmüharibə dövründə Azərbaycanın yeni geosiyasi reallıqlara olan təsiri öz əhatəsinə görə çox böyük əhəmiyyətə malikdir. Bu reallıqlar postmüharibə dövründə xalqımızın yenidən siyasi lideri ətrafında birliyinin elə bir ideoloji təfəkkür tərzini formalaşdırıb ki, bundan sonra qüdrətli dövlətimizin qarşısında heç kim heç vaxt heç bir təxribat törədə bilməyəcək.

 

Müşfiq Səfərov,

Yeni Azərbaycan Partiyası

Beyləqan rayon təşkilatının sədri.