Qələbə diplomatiyası

21:46 29-12-2023 244

    Bildiyimiz kimi, 2023-cü ildə Azərbaycanın hər yerində zəngin dövlətçilik təcrübəsinin əsaslarını dərindən mənimsəmiş, xalqına xidməti həyat amalına çevirmiş müdrik lider, qətiyyətli şəxsiyyət və mahir siyasətçi Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin ölkəmizə rəhbərliyinin 20 illiyi qeyd olunur. Bu dönəm ölkəmizin hərtərəfli tərəqqi və davamlı inkişaf dövrü olmaqla yanaşı, müstəqilliyimizin bərpasından əvvəl üzləşdiyi təcavüzün və işğal faktorunun aradan qaldırılması istiqamətində Azərbaycanın haqlı mövqeyinin daha da möhkəmlənməsi, səylərin intensivləşməsi kimi də xarakterizə oluna bilər. Məhz torpaqlarımızın işğaldan azad olunması, Azərbaycan bayrağının Şuşada və digər işğal olunmuş ərazilərimizdə dalğalanması bu il 100 illiyini qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin arzusu, möhtərəm Prezident, cənab İlham Əliyevin əsas amallarından biri idi. Azərbaycan tərəfindən uzun illər ərzində aparılan xarici siyasətin əsas cəhətlərindən biri, Qarabağın əzəli və əbədi Azərbaycan ərazisi olduğunun, dövlətimizin öz torpaqlarının işğalı ilə barışmayacağının, torpaqların ya diplomatik, ya da hərbi yolla azad edilməsinin legitim hüququ olduğunun beynəlxalq aləmin yaddaşına həkk edilməsinə nail olmaq idi. Məhz Ulu Öndər Heydər Əliyevin, daha sonra isə, onun layiqli davamçısı möhtərəm Prezident, cənab İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində uzun illər bu istiqamətdə böyük iş aparılıb və Azərbaycan həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. Azərbaycan tərəfi ədalətin bərpa olunması istiqamətində apardığı fəaliyyət ilə həmçinin Ermənistanın reallıqları anlayacağı, beynəlxalq hüququn norma və prinsiplərinə, həmçinin beynəlxalq təşkilatların qətnamə və qərarlarına uyğun olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini işğaldan azad edəcəyi ümidi ilə, 30 ilə yaxın danışıqlar prosesinə sadiq olduğunu nümayiş etdirib. Azərbaycanın keçmiş münaqişənin həlli üzrə aparılan danışıqlar prosesində sərgilədiyi mövqe prinsipial xarakter daşımaqla, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, uzun illər ərzində davam edən proses çərçivəsində heç zaman dəyişməyib. Bu mövqe daim beynəlxalq hüququn dövlətlərin suverenliyi, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsiplərinə hörmət edilməsi, qanunsuz işğal faktorunun aradan qaldırılması və öz evlərindən didərgin düşmüş insanların hüquqlarının bərpa edilməsi, onların evlərinə təhlükəsiz şəraitdə və ləyaqətlə geri dönüşünün təmin edilməsindən ibarət olub. 

      Beləliklə, Ermənistanın qeyri-adekvat addımları və təxribatları beynəlxalq hüquq və Azərbaycan Konstitusiyası çərçivəsində cavab tədbirlərinin görülməsini qaçılmaz etdi.  27 sentyabr 2020-ci il tarixdə Ermənistanın növbəti təxribatına cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, ölkə Prezidenti, cənab İlham Əliyevin əmri ilə əks-hücum əməliyyatları başladı. 44 günlük Vətən müharibəsinin nəticəsində Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini (822, 853, 874 və 884), BMT Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı, NATO, GUAM, Avropa Şurası və digər beynəlxalq təşkilatların erməni işğalçı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən və münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinin əsasında həllinə çağıran qərar və qətnamələrini həyata keçirdi. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev müharibə dövründə belə diplomatik səyləri davam etdirir, çıxışlarında həm beynəlxalq ictimaiyyəti dəqiq və dürüst şəkildə məlumatlandırır, həm də, Ermənistan da daxil olmaqla, dünya ictimaiyyətinə konkret xəbərdarlıqlar göndərirdi. 44 günlük Vətən müharibəsində Azərbaycanın haqlı mövqeyini xarakterizə edən və cənab Prezidentin demək olar ki, bütün müraciətlərində qeyd olunan əsas məqamlardan biri, məhz ölkəmizin beynəlxalq hüquq çərçivəsində və beynəlxalq tanınmış ərazilərində əməliyyatları həyata keçirməsi idi. Vətən müharibəsi qüdrətli Azərbaycan Ordusunun döyüş meydanında apardığı şanlı mübarizə ilə yanaşı, diplomatiya meydanında Azərbaycan Respublikasının Prezidentinin mübarizəsi, müdrik xarici siyasəti ilə xarakterizə olunur.
     Onilliklər ərzində münaqişənin həlli ilə bağlı danışıqlar prosesində iştirak edən Azərbaycan eyni zamanda münaqişənin həllinin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl və qətiyyətli iş aparıb, beynəlxalq təşkilatların bu xüsusda qəbul etdiyi çoxsaylı qərar və qətnamələr diplomatik uğurumuz olub. Ölkə Prezidenti, cənab İlham Əliyevin milli maraqlara söykənməklə beynəlxalq hüquq çərçivəsində apardığı xarici siyasət hər zaman özündə ədalət və humanizm prinsiplərini ehtiva edib. Azərbaycan strateji səbir nümayiş etdirərək onilliklər ərzində ərazilərinin işğalına son verilməsi, beynəlxalq təşkilatların qərarlarının yerinə yetirilməsi, beynəlxalq hüququn təmin edilməsi üçün danışıqlar aparıb. Məhz bu aparılan danışıqlar, diplomatiya cəbhəsində gərgin proseslər Azərbaycanın hərb meydanında gücünü birə yüz artırıb. Azərbaycan Respublikasının Ali Baş Komandanı, ölkə Prezidenti, cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun əldə etdiyi böyük qələbə, o cümlədən 19-20 sentyabr 2023-cü il tarixdə antiterror tədbirləri çərçivəsində Qarabağ bölgəsi üzərində tam suverenliyimizin bərpa olunması Azərbaycan tarixinin şanlı səhifəsini təşkil etməklə yanaşı, bölgədə yeni reallıqlar yaratdığı məlumdur. İndi Ermənistan regional əməkdaşlıq, qonşularına qarşı qanunsuz və əsassız ərazi iddiaları arasında seçim etməlidir. Əlbəttə, bu məsələdə beynəlxalq ictimaiyyətin də rolu əhəmiyyət kəsb edir. Ermənistanın revanşizm cəhdlərinin hər hansı şəkildə dəstəklənməməsi və bölgənin rifahı üçün sülhün alternativinin olmamasına dair çağırışların edilməsi olduqca vacibdir.
     Qeyd edilənlərlə yanaşı, şanlı zəfərin təmin olunduğu bu tarixi dövrdə Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin ətrafında bir yumruq kimi birləşərək Azərbaycan həqiqətlərinin beynəlxalq aləm tərəfindən qəbul etdirilməsində davamlı və daha qətiyyətli iş aparılması əvvəlkindən daha böyük əhəmiyyət kəsb edir. 
        Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyinin bundan sonra da dünya müstəvisində qətiyyətli şəkildə müdafiə olunması və beynəlxalq sərhədlərimiz çərçivəsində ölkəmizin, xalqımızın inkişafına yönəlik səylərin davam etdirilməsi eyni dərəcədə zəruridir. Əminik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan xalqının birliyinə, Azərbaycan dövlətinin milli maraqlarına əsaslanan uğurlu xarici siyasəti xalqımıza yeni-yeni Zəfərlər bəxş edəcəkdir.

          Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev dövlət rəhbəri və xalqın xüsusi rəğbət bəslədiyi lider kimi hakimiyyətdə olduğu 20 ildə bütün fenomenal keyfiyyətlərini parlaq şəkildə nümayiş etdirmişdi. Bütün bunları isə, ölkə Prezidenti Vətən müharibəsi başlayan ilk gündən Silahlı Qüvvələrin Ali Baş Komandanı olaraq öz dəmir iradəsini, ordumuzun və dövlətimizin hərb meydanındakı parlaq qələbəsi ilə təsdiqlədi. Azərbaycan dövləti, cəmi 44 günə möhtəşəm bir qələbəyə imza atdı. Bu müharibəni Qələbə ilə sona çatdırmaq, istinasız olaraq ölkə Prezidenti, cənab İlham Əliyevin xidmətidir. Dövlət başçısının bu xidməti, bu diplomatik qələbəsi nəinki etiraf edilməli, dəyərləndirilməli, eləcə də, dövlətçilik tariximizin, diplomatiya tariximizin ən parlaq səhifəsi kimi gələcək nəsillərə tanıdılması üçün geniş araşdırılmalı və ali məktəb dərsliklərində yer almalıdır...

 Sabit Mehdiyev,

 Yeni Azərbaycan Partiyası  Beyləqan rayon təşkilatının məsləhətçisi.