Poeziya -2023

Əbülfət İmanov

11:09 31-12-2023 461

 

KÖNLÜM

 Bu bizim yurd, yer idi,

El köçdü, yurd yeridi...

Tək qalan yurd yeridi,

Qaldı qalana, könlüm...

 

Dedik ki, qalam, qala,

Mən qalam, qalam qala.

Odu bir qalam qala,

Yana, qalana, könlüm!

 

Nədəndi su daayanda,

Yanmayan suda yandı?

Oddanmı su da yandı,

Oyaq qal, ana  könlüm!

 

Bu yanayam, o yana,

Duyğu oldum oy, ana!

Sığa,-tale oyana,

Cahan qalana,-könlüm!

 

 

ADAM ADAMI TANIMIR

 

Yaranışı gəlib haqdan,

Heç usanmır yarınmaqdan,

Adam adam tanımaqdan,

Adam adamı tanımır.

 

Bir ömürdə yazı, qışı

Düzə çəkər karıxmışı.

Hər ölçüsü öz qarışı,

Adam adamı tanımır.

 

Ay qəlbi bir, bax, Allah bir

Bir savab on, bir günah bir.

Əməlinə kim sahibdir,-

Adam adamı tanımır.

 

Arzu-kamını tanıyır,

Sönən şamını tanıyır,

Hamı hamını tanıyır,

Adam adamı tanımır...

 

ADAMLAR

(təcnis)

Bədən ki, var, can avardı,

Təkcə ruhdu,  cana vardı!

Həm quzu, həm canavardı,

Adamlar.

 

Zəhərdən çək bal, a arı,

Niyə düşdün bala, arı!

Ana gəzir bala arı,

Adamlar.

 

Tüpür görüm, yala görüm,

Acsan, tuş get yala görüm.

Dağdan düş, çıx yala görüm,

Adamlar.

 

Ağlasan için-için də,

Haqq-hesab çək öz içində.

Neçə söz var söz içində,

Adamlar?!

 

Sağalırsa otla yaram,

Adamla yox, otla yaram!

Qoyun olsam otlayaram,

Adamlar?!

 

GÖSTƏRSİN

 

Qəlbimi güzgü tutmuşam,

Sənin əksini göstərsin.

Avandıyla sənə tuşam,

Tərsi əksini göstərsin.

 

Bir qismətin ilkiyik biz,

Biriksə də ikiyik biz!

Bir mizanda çəkiyik biz,

Oz çəkisini göstərsin.

 

Hər kədərdən yuxalmayaq,

Ötərgidən yıxılmayaq,

Bu səhnədən yox olmayaq,

Məni və səni göstərsin.

 

İÇİMDƏ

 

Bu göylərə baxım çox,

Oxunmayım yarımçıq.

Qaram çoxdu, ağım çox –

Gəzdim baxtı içimdə.

 

Gah alışdı, soyudu

Həyatım axar sudu.

Özu günahın yudu,

Divan, taxtı içimdə.

 

Sınamalar sınadım:

Səbrim çoxdu, inadım?!

Öz-özümü qınadım,

Başqa çağdı içimdə.

 

Hər ötənə baxmadım,

Bir könül də yaxmadım.

Bulud oldum, yağmadım,

Şimşək çaxdı içimdə.