Azərbaycan sülh istəyir

18:08 28-01-2024 455

Məlumdur ki, Azərbaycan hər zaman beynəlxalq münasibətlərdə ölkələrin bir-birinin maraqlarına hörmət prinsipini rəhbər tutaraq, əməkdaşlığa açıq olan bir ölkədir. Dövlətimiz regional, həmçinin, beynəlxalq müstəvidə yürütdüyü siyasətdə hər zaman sülh və əməkdaşlıq prisiplərini üstün tutub. Xüsusilə deməliyik ki, Azərbaycan öz ərazi bütovlüyünü, suverenliyini, konstitusiya quruluşunu bərpa etdikdən sonra regionda sülh, əmin-amanlıq və əməkdaşlıq üçün yeni imkanlar yaranmışdır. Bu, otuz ildən sonra ərazilərimizdə mövcud olan separatizmə son qoyulması beynəlxalq hüquq və ədalətin təntənəsi baxımından tarixi hadisədir. Azərbaycanın öz ərzisində seperatizmə son qoyması formalaşan yeni dünya nizamında regionun inkişafı və yeni əməkdaşlıq imkanlarının yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan daim sülhün tərəfdarı və bölgədə sülh təşəbbüslərinin müəllifi olub. Regional məsələlərin bilavasitə region ölkələrinin iştirakı ilə həll edilməsi prinsipindən çıxış edərək Azərbaycan 3+3 əməkdaşlıq formatını irəli sürüb. Hazırda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sülh müqaviləsinin imzalanması, eləcə də, Cənubi Qafqaz bölgəsinin sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi şərait yaranmışdır. Azərbaycanın əsas istəyi Cənubi Qafqazda sülhün bərqərar olmasıdır. Region dövlətlərinin bu məsələdə fəallıq nümayiş etdirməsi gələcək inkişaf, sülh və əmin-amanlığın təmin olunması üçün olduqca vacibdir. Bu gün, Beynəlxalq ictimaiyyətin nəzəri dünyanın müxtəlif yerlərindəki müharibələrdə olmaqla yanaşı, həm də, postmüharibə dönəminə qədəm qoymuş Cənubi Qafqazdadır. Xüsusilə də, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsi bölgənin strateji gündəliyinin və siyasi gündəminin aktual mövzusudur. Yeni mərhələdə bölgədə sabitlik, əməkdaşlıq mühitinin formalaşması, qarşıdurma və təhdidlərin istisna olunması üçün sülh müqaviləsinin imzalanması mühüm məsələdir. Azərbaycan siyasi-hüquqi öhdəliklərinə sadiq qalaraq bəyanatları və strateji fəaliyyəti ilə sülh quruculuğuna mühüm töhfələr verir. Bakının mövqeyi konkret, qəti və birmənalıdır. Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasına dair danışıqlar beynəlxalq hüquqa uyğun aparılmalıdır. Xüsusilə də, ərazi bütövlüyü və ölkələrin suverenliyi prinsipləri əsas götürülməlidir. İki dövlət, məhz Azərbaycanın təklif və təqdim etdiyi beş baza prinsipi əsasında nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilər. Ermənistan isə, Azərbaycanın və beynəlxalq birliyin Cənubi Qafqaz regionunda sülhün, əməkdaşlığın təmin edilməsinə dair təşəbbüslərinə adekvat cavab vermir. Əksinə, rəsmi İrəvan bölgədə gərginliyin davam etməsində maraqlıdır. Bu gərginlik mühitini saxlamaqla, Ermənistan beynəlxalq ictimai rəylə manipulyasiya edir və Azərbaycanı hədəfə gətirməyə çalışır. Azərbaycan 44 günlük Vətən müharibəsində torpaqlarımızı erməni işğalından azad etdi. Ermənistan ordusunu məğlubiyyətə uğratdı, amma bu məğlubiyyətdən və hərbi-diplomatik iflasdan sonra Ermənistanda revanşizm meyilləri getdikcə gücləndi. Müharibədən sonra ermənilər ardıcıl şəkildə təxribatlar törədirdilər. Ötən ilin sentyabr ayında baş verən hadisələr bunun pik nöqtəsi idi. Ermənistana sentyabr məğlubiyyəti də dərs olmadı. İşğalçı ölkə destruktiv mövqe nümayiş etdirir, üçtərəfli Bəyanatda əksini tapmış tələblərin icrasından boyun qaçırır, xüsusilə də, Azərbaycan ərazisində qanunsuz olaraq qalmış hərbçilərini və texnikanı çıxarmır, müxtəlif vasitələrlə Qarabağda hərbi mövcudluğunu qoruyub saxlamağa çalışırdı. Ermənistanın bu manipulyasiya, təxribat və siyasi avantüralarının son məqsədi sülh prosesini ləngitmək və ya iflasa uğratmaqdır. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin dərin strateji diplomatiya siyasəti konkret nəticə və səmərə verir. Regionda etimad quruculuğu naminə əlverişli zəmin formalaşdırılır, sülhə doğru qəti addımlar atılır. Əlbəttə, Cənubi Qafqaz regionunda sülh prosesinin diqqət mərkəzində olması isə təsadüfi deyil. Azərbaycan Vətən müharibəsində qələbə qazanmaqla bütöv bir regionu sülh, sabitlik və əməkdaşlıq məkanına çevirmək istiqamətində dayanıqlı zəmin - əlverişli şərait formalaşdırıb. Bakı müharibənin bitməsi - yeni mərhələnin başlanması reallığını qəbul etdirib, yeni strateji yanaşmaların ortaya qoyulmasını zərurətə çevirib. Artıq regionda postmüharibə mərhələsidir və yeni geostrateji reallıqların müəllifi Azərbaycandır. Faktiki olaraq, Azərbaycan manipulyasiyalardan uzaq, konkret olaraq sülh istəyir. Təəssüflər olsun ki, Ermənistan hələ də, sülhün, sabitliyin onlar üçün nə qədər zəruri amil olduğunun fərqində deyil...

 Sabit Mehdiyev,

 Yeni Azərbaycan Partiyası

Beyləqan rayon təşkilatının məsləhətçisi.