Üzgüçülük üzrə dünya rekordçusu suda boğuldu

13:36 30-08-2019 757

Soyuq suda üzgüçülük üzrə dünya rekordçusu Nikolay Petşak Yenisey çayında boğularaq ölüb.

Bu haqda "Naş Krasnoyarskiy kray" nəşri yazır.

Nəşrin məlumatına əsasən, "Meqapolüs" idman-sağlamlıq mərkəzinin direktoru Nikolay Petşak avqustdun 27-də Krasnoyarskda Yenisey çayında məşq zamanı boğulub.

Berinq boğazı üzərindən üzgüçülük yarışmasının iştirakçısı, soyuq suda üzgüçülük üzrə dünya çempionu və rekordçusu olan 64 yaşlı Nikolay Leonardoviç ömrünün 40 ilindən çoxunu soyuq suda üzgüçülüyə həsr edib.

Məşhur idmançıyla vidalaşma mərasimi bu gün - avqustun 30-da keçiriləcək.

Nikolay Petşak 7 may 1955-ci il tarixində dünyaya gəlib. 1994-cü ildə o, soyuq suda qalma üzrə dünya rekordunu qırıb. 2012-ci ildə soyuq suda üzgüçülük üzrə dünya çempionu olub.

İdmançı regionda idmanın təbliği üzrə bir çox sosial layihələrdə, həmçinin 2013-cü ildə Olimpiya Atəşi Estafetində iştirak edib.

Cəmi bir neçə gün öncə, avqustun 19-dan 22-dək Nikolay Petşak Krasnoyarsk su anbarında keçirilən və Rusiyanın Dövlət Bayraq Gününə həsr olunan ənənəvi estafet yarışmasında iştirak edib.