Azərbaycana iki himn yazan Üzeyir Hacıbəylinin evindən - REPORTAJ

11:45 18-09-2019 443

Bu gün dahi bəstəkar, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi olan Üzeyir Hacıbəylinin doğum günüdür. O, ömrünün 27 ilini bu gün muzey kimi fəaliyyət göstərən evdə yaşayıb. Dahi bəstəkarımızın yaratdığı və miras qoyduğu əsərlər dünya musiqi incilərindən sayılır.

Üzeyir Hacıbəyli 18 sentyabr 1885-ci ildə Ağcabədidə dünyaya gəlib. Bəstəkarın atası Əbdülhüseyn Molla Məhəmməd oğlu Hacıbəyli dövrünün sayılıb seçilən ziyalı şəxslərindən biri olub.

O, XIX əsrin tanınmış dövlət xadimi və şairi, Qarabağ xanlarının varisi Xurşidbanu Natəvanın mirzəsi olub və onun Ağcabədidəki təsərrüfatına baxıb. Bəzi mənbələrdə onun Şuşada anadan olduğu yazılsa da, bu, əslində, belə deyil. Üzeyir bəyin ailəsi o, doğulandan bir ay sonra Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşaya gəlib.

Dahi bəstəkarın anası Şirinbəyim xanım isə Qarabağda məşhur Əliverdibəyovlar nəslindən idi. Ailədə beş övlad - üç oğlan və iki qız olublar: Zülfüqar, Üzeyir və Ceyhun, həmçinin, Abuhayat və Sayad. Oğlanların hər üçünün gələcəkdə ədəbi və musiqi istedadının formalaşmasında Hacıbəyli ailəsinin böyük rolu olub.

HerGun.Az dahi bəstəkar Üzeyir Hacıbəylinin Ev Muzeyindən hazırladığı reportajı təqdim edir:

Dahi bəstəkar indi muzey kimi fəaliyyət göstərən bu evdə 1915-ci ildən 1942-ci ilə kimi yaşayıb. Muzeyə daxil olan zaman qarşıdakı divarda asılan, mərmər parçalarından hazırlanan portret diqqətimizi çəkir. 220 rəngli mərmərdən hazırlanan portret o qədər təbidir ki, insana elə gəlir, uzun illər keçməsinə baxmayaraq, Üzeyir bəy hələ də evinə gələn qonaqlarını özü şəxsən qarşılayır.

1942-ci ildə hökumət tərəfindən Üzeyir Hacıbəyliyə “Monolit” adlı binada mənzil bağışlanır. Həmin ildən o evə köçən Ü.Hacıbəyli ömrünün son altı ilini orada yaşayıb. Ağır şəkər xəstəliyi səbəbindən 1948-ci il noyabrın 23-də ürəyi dayanıb və həyata gözlərini əbədi yumub.

Üzeyir Hacıbəylinin həyat xatirələrini isə muzeyin Ekspozisiya və Kütləvi İşlər şöbəsinin müdiri Gülnarə Ələsgərova bizimlə bölüşüb. O, hər gün muzeyə gələn insanlara dahi bəstəkarın həyat və yaradıcılığı barədə geniş məlumat verir.

Girişdə Əhməd Cavadla Üzeyir Hacıbəylinin Şəmkir şəhərində qara mərmərdən qoyulan abidəsinin fotosu var. Üzeyir bəy iki dəfə Azərbaycan üçün himn yazıb. Həmin himnlərin hər ikisinin - 1945-ci ildə sovet hakimiyyəti dövründə və 1919-cu ildə yazdığı, bu gün də istifadə etdiyimiz himnin notları qorunub-saxlanıb.

Bundan başqa, muzeydə Üzeyir bəyin əsərlərinin klavirləri və partituraları da nümayiş olunur. Onun əsərlərinə çoxsaylı dissertasiyalar, elmi mövzuda yazılan məqalələr həsr edilib.

Muzeydə olan bütün əşyalar haqqında məlumat verən Gülnarə xanımla Üzeyirli illərə kiçik səyahət etdik. Səyahətə isə içəri otaqlarda Üzeyir bəyin ata-baba yurdunun xatirələrindən başladıq.

Şəkildə gördüyünüz maket Hacıbəyli ailəsinin Şuşadakı evidir. Gülnarə xanım deyir ki, o ev artıq ermənilər tərəfindən dağıdılıb:

“İşğaldan bir ay əvvəl həmin evin içərisində olan əşyaların bir çoxunu oradan gətirə biliblər. Həmin əşyalar da bu muzeydə qorunur. Üzeyir Hacıbəyli ilk təhsilini mədrəsədə alıb və ərəb, fars dillərini mükəmməl bilib.

14 yaşında Üzeyir Gürcüstana gedərək, Qori Müəllimlər Seminariyasına daxil olub. Seminariyanı (1899-1904) müvəffəqiyyətlə bitirdikdən sonra ilk dəfə 1905-ci ildə Bakıya gəlib. Burada 51 nömrəli məktəbdə müəllim kimi fəaliyyətə başlayıb. O, eyni zamanda, ana dili, rus dili, tarix, rəsm və b. fənlərdən dərs deyib.

Üzeyir bəy müxtəlif imzalarla felyetonlar yazaraq, qəzetlərə məqalələr göndərirdi. Bu dövrlərdə ona dünya şöhrəti gətirən “Arşın mal alan” operasını yazmağa başlamışdı. 1913-cü ildə Üzeyir ali təhsil almaq məqsədilə Peterburqa gedərək konservatoriyaya daxil olur. “Arşın mal alan” operasını da məhz Peterburq konservatoriyasında oxuyarkən bitirib. O, əsəri tamamladıqdan sonra konservatoriyanın direktoru A.K.Qlazunova göstərir və ondan məsləhət alır.

Qlazunov gənc tələbənin belə gözəl, möhtəşəm əsər yazmasına təəccüblənir. Notları oxuyur və xoşuna gəlir. Lakin Üzeyir bəy Peterburq Konservatoriyasında sona kimi oxuya bilməyib. Onun diplomu olmayıb. Lakin Qlazunov ona bu əsərini diplom işi kimi qəbul etdiyini deyib”.

Peterburq dövrü Hacıbəyli yaradıcılığında mühüm rol oynayıb. Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası 70-ə yaxın xarici dilə tərcümə edilib, 100-dən çox teatrın səhnəsində oynanılıb. “Arşın mal alan” beş dəfə ekranlaşdırılıb, dəfələrlə qrammafon valına yazılıb.

“Arşın mal alan” operettasına görə Üzeyir bəy “Stalin mükafatı”na layiq görülüb. Bu əsər dörd dəfə Azərbaycanda, bir dəfə ABŞ-da ekranlaşdırılıb. Onlardan ikisi səssiz film kimi çəkildiyi üçün Üzeyir bəy onları bəyənməmişdi. O demişdi ki, musiqisi eşidilmirsə, mən o filmlərin yayılmasını istəmirəm. 1945 və 1965-ci illərdə ekranlaşdırılmış “Arşın mal alan” musiqili filmlərini isə çoxları izləyib.

Üzeyir Hacıbəyli 10 irihəcmli səhnə əsərinin müəllifidir. Yeddi opera və üç operetta yazan bəstəkarımızın əsərləri ona ayrı-ayrılıqda dünya şöhrəti qazandırıb. Operaları “Leyli və Məcnun” (1907),  “Şeyx Sənan” (1909), “Rüstəm və Söhrab” (1910), “Şah Abbas və Xurşudbanu” (1912), “Əsli və Kərəm” (1912), “Harun və Leyla” (1915), “Koroğlu” (1932-1936) adlanıb.

Divarlarda Üzeyir Hacəbəylinin atası Əbdülhüseyn bəyin, anası Şirinbəyim xanımın, qardaşlarının və həyat yoldaşının fotolarını görmək olar.

Üzeyir bəy bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edib. Bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salıb, marş, kontata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərlərini yazıb. Qeyd etdiyimiz kimi, Üzeyir Hacıbəyli həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də sovet Azərbaycanının himnlərinin müəllifidir.

O, Azərbaycan pəşəkar musiqisinin banisi, Şərqin ilk operası “Leyli və Məcnun”un, Azərbaycan Dövlət Konservatoriyasının (indiki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası), ilk simli kvartetin, ilk dövlət xorunun yaradıcısı, ilk xalq çalğı alətləri orkestrinin yaradıcısıdır.

Üzeyir bəy Azərbaycan milli musiqisinin tacı olan “Koroğlu” operasını da gördüyünüz bu evdə bəstələyib. Azərbaycanın himnini də məhz bu evdə, bu royalın klavişləri ilə bəstələnib.

Gülnarə xanım deyir ki, fotoşəkillərlə muzeyin görünüşünə diqqət etsəniz, görərsiniz ki, illərdir Üzeyir bəyin səliqəsi bu evdədir:

“Üzeyir bəy insanları çox sevirdi. Yaradıcılığına isə vurğun idi. Bu gördüyünüz kiçik masada bu gün dillər əzbəri olan, dünya şöhrəti qazanmış əsərlərini yazıb. Masanın üzərində onun əşyaları olduğu kimi qorunub-saxlanıb. Təəssüf ki, həddindən artıq siqaret çəkirdi və ona çoxsaylı gümüş siqar qabları hədiyyə etmişdilər. Ən çox çəkdiyi siqaret isə “Koroğlu” adlanırdı.

Üzeyir Hacıbəyli ömrünün son illərində bir əsər üzərində işləyirdi. Not dəftəri üzərində yazılan qeydə görə, əsər “Azərbaycan Simfonik Poeması” adlanır. Cəmi bir səhifə yazılan əsəri tamamlamaq isə bəstəkara qismət olmayıb.

İş masası pəncərə kənarında olduğundan günəş şüaları zaman-zaman notları soldurur. Əsərin silinməməsi üçün xüsusi xəttat çağırılır və Üzeyir bəyin xətti qorunmaq şərti ilə notların üzərindən keçilərək, daha aydın görünən hala salınır”.

Muzeydə kiçik, amma zəngin kitabxana mövcuddur. 

Rəflərdə Azərbaycan, ərəb-fars, alman, gürcü, tatar, rus dillərində çoxlu kitablar var. O, musiqi ilə yanaşı, riyaziyyat, kimya fənlərini də çox gözəl bilirdi. Maraqlısı odur ki, gördüyünüz rəflərdə olan bütün kitabları oxuyan Üzeyir bəy orada özü üçün kiçik qeydlər qoyub.

Dahi bəstəkarın tatar dilini bilməsi isə onun xanımı, 1910-cu ildə ailə həyatı qurduğu Məleykə Hacıbəyli ilə bağlı idi. O, tatar qızı olub və bu dili də bəstəkar ondan öyrənib.

Otaqları gəzdikcə sanki qulağımıza həzin bir musiqi sədası gəlirdi. Gülnarə xanım elə gözəl məlumat verirdi ki, otaqdakı musiqi alətləri, notlar sanki dilə gəlirdi.

Üzeyir bəy bu evdə bir çox dahi şəxsiyyətləri N.Nərimanov, C.Məmmədquluzadə, Ə.Haqverdiyev, C.Cabbarlı, Y.V.Çəmənzəminli və digərlərini qonaq edib. Onlardan biri də demokratik cümhuriyyətimizin banisi Məmməd Əmin Rəsulzadə olub.

Divarlardakı fotodan da göründüyü kimi, onlar çox yaxın dost olublar. Foto Rəsulzadənin demokratik cümhuriyyətin ilk mətbu orqanı olan “Azərbaycan” qəzeti ilə bağlı Üzeyir bəylə fikir mübadiləsi aparan zaman çəkilib. Həmin qəzetin redaktoru Üzeyir bəyin qardaşı Ceyhun Hacıbəyli olub. Ondan sonra isə 1920-ci ilə kimi qəzetə Ü.Hacıbəyli redaktorluq edib.

Digər rəsmdə isə dünya şöhrətli müğənni Müslüm Maqomayevin babası Əbdülmüslüm Maqomayevin rəsmi var. Üzeyir bəylə Əbdülmüslüm bəyi maraqlı təsadüf birləşdirir. Belə ki, onlar hər ikisi 1885-ci il senytabrın 18-də anadan olublar. Onlar həm də eyni tatar ailəsindən iki bacı ilə ailə quraraq qohum olublar.

Ortancıl bacı Gülcamal xanımla Əbdülmüslüm bəy, Məleykə xanımla isə Üzeyir bəy izdivac bağlayıb. Onlar ömürlərinin sonuna qədər çox möhkəm dost olublar. Maqomayev Üzeyir bəydən 11 il tez, 1937-ci ildə vəfat edib və məzarı Birinci Fəxri Xiyabanda yerləşir.

1943-cü ildə rəssam Mikayıl Abdullayev Üzeyir bəyin naturadan rəsmini çəkib, həmin rəsm əsəri bu gün də muzeyin divarını bəzəyir.

1945-ci ildə Üzeyir bəyin 60 yaşı tamam olan zaman AMEA-nın ilk üzvləri onu təbrik edib.

Akademiyanın ilk prezidenti, cərrah Mirəsədulla Mirqasımov olub. İlk 15 üzvü arasında isə Səməd Vurğun, Üzeyir Hacıbəyli, kimyaçı alim Yusif Məmmədəliyev, yazıçı Mirzə İbrahimov, filosof Heydər Hüseynov, Mirəli Qaşqay, arxitektor Mikayıl Hüseynov, cərrah Mustafa bəy Topçubaşov və digərləri olub. Onlar Üzeyir bəyin 60 illik yubileyi münasibəti ilə ona xüsusi xalça toxutdurublar.

Xalçanın ortasında bəstəkarın portreti, kənarlarında bölgələrimizin xalçaçılıq ornamentlərinin nümunələri, sağ və sol hissədə bəstəkarın ilk və son poemasından səhnələr toxunub. Xalçanın yuxarı hissəsində tank, aşağı hissəsində isə şərq və qərbin musiqi alətləri həkk olunub.

Xalça üzərində həkk olunan tank təsadüfi deyil. Gülnarə xanım deyir ki, dahi bəstəkar İkinci Dünya Müharibəsi illərində öz şəxsi büdcəsindən 100 min rubl dəyərində pulu sovet ordusuna göndərir:

“O vaxt sovet ordusu bu pula tank alıb və faşizmə qarşı daha əzmlə vuruşub. Rəssam Üzeyir bəyin məhz bu addımını əsas gətirərək, xalça üzərində belə bir rəsm işləyib. Bundan başqa, Stalin özü şəxsən öz imzası ilə Üzeyir bəyə böyük məbləğdə maddi yardıma görə təşəkkür məktubu göndərib. Həmin məktub da bu gün muzeyin eksponatları arasında qorunub-saxlanılmaqdadır”.

(Məktubda deyilir: Yoldaş Hacıbəyov, cəbhəyə göndərdiyiniz böyük məbləğə görə mən sizə minnətdaram)

Qonaq otağından birbaşa yataq otağına giriş mövcuddur. Bu evdəki bütün əşyaların tarixçəsi var. Lakin şirin söhbətə davam edərkən gözüm birdən divarda asılan köhnə saata sataşdı. Saatın geri qaldığını düşündüm. Amma əslində, o saatın çox başqa mənası var.

Ən maraqlısı odur ki, bəstəkarın ən çox zaman keçirdiyi iş masasının üzərindən asdığı bu saat onun ölüm saatını göstərir. Gülnarə xanım deyir ki, bu saat Üzeyir bəyin son nəfəsini verdiyi an dayandırılıb:

“Üzeyir bəy bu saata “ağıllı saatım” deyərdi. Əqrəblər saat 2-ni göstərir. Bu heç də təsadüfü deyil. 27 il bu evdə yaşayan Üzeyir bəy bu saatın bir dəfə də olsun, yanlış işləmədiyini deyirdi. Saatı ağıllı adlandırması da məhz bundan irəli gəlir.

Şəkər xəstəliyi onu çox halsızlaşdırmışdı. Məleykə xanımla Üzeyir bəyin övladı olmamışdı. O, öz bacısı uşaqlarını öz övladları kimi sevir, qayğı göstərirdi. Elə son nəfəsində də onlar dahi bəstəkarın yanında olublar. Şəkər xəstəliyi onun ürəyini zəiflətmişdi. 1948-ci il noyabrın 22-dən 23-nə keçən gecə, saat 2-də Üzeyir bəyin ürəyi dayanır və o, əbədi olaraq bu dünyaya gözlərini yumur. Elə həmin uşaqlar saatı dayandırır”.

Bəstəkarın yataq otağı da özü kimi kübar və sadə şəkildə bəzədilib. Təmtəraqdan uzaq olan, sadə əşyalarla bəzədilən otağın divarlarında Üzeyir bəyin ailə şəkilləri yer alır. Fotoda bəstəkarın anası Şirinbəyim xanım, bacıları Abuhayat və Sayad, qardaşları Zülfüqar və Ceyhun, həyat yoldaşı Məleykə xanım, Üzeyir bəyin dayısı Ağalar Əlverdibəyov əks olunub.

Ağalar Əlverdibəyov ixtisasca mühəndis olsa da, Üzeyir bəy musiqinin ilk notlarını məhz dayısıdan öyrəndiyi üçün onu ilk müəllimi adlandırırdı. Bəstəkarın hər iki bacısının həyat yoldaşları erkən vəfat etdiyindən ömrünün sonuna qədər onlara dəstək olub. Sayad xanımın dörd övladı var idi, onlar da son gününə kimi Üzeyir bəyin ətrafında olub.

Böyük qardaşı Zülfüqar və kiçik qardaşı Ceyhun bəy də musiqi sahəsində istedadlı olublar. Zülfüqar bəy “Aşıq Qərib” operasının, “Evli ikən subay”, “Əmi yaşında cavan”, “Varlı” musiqili komediyalarının, “Çoban qızı” və sair mahnıların müəllifidir. Onun hər iki oğlu – dirijor Niyazi və Çingiz Hacıbəyli də musiqimizin tanınmış nümayəndələri olublar.

Ceyhun bəy isə Fransaya köçərək, mühacir həyatı yaşayıb və orada vəfat edib. Onun məzarı Paris yaxınlığında yerləşən San-Klu şəhərindədir. Onun Fransaya getməsi isə Məmməd Əmin Rəsulzadə ilə əlaqəlidir.

Onun da tərkibində olduğu nümayəndə heyəti 1919-cu ildə keçiriləcək Versal Sülh Konfransında iştirak üçün göndərilmişdi. Onlar daha sonra isə baş verən siyasi hadisələr səbəbindən geriyə dönə bilmədilər. Onun Ceyhun Hacıbəyli və Benjamin Hacıbəyli adında iki övladı var.

Yoldaşı Məleykə xanım Üzeyir bəydən sonra 18 il yaşayıb və onun bütün əşyalarını qoruyub saxlayaraq, bu muzeyin yaradılmasının təşəbbüskarı olub.

Yataq otağı ilə mətbəxi ayıran kiçik dəhlizdə Üzeyir bəyə hədiyyə edilən gümüş və qızıldan olan müxtəlif hədiyyələr saxlanılır. Bundan başqa, divarda “Koroğlu” operasından kiçik bir səhnənin işləndiyi tabloda Fransa Prezidenti Şarl de Qoll və Üzeyir bəy birlikdə təsvir edilib.

Gülnarə xanım deyir ki, 1944-cü ilin noyabr ayında Fransa Prezidenti Şarl de Qoll Bakıda olan zaman Üzeyir Hacıbəyli ilə görüşüb:

“İçərişəhərdə, üzü Qız Qalası istiqamətinə dayandıqda sağ tərəfdə bir bina var. Həmin bina milyonçu İsabəy Hacınski tərəfindən tikilib. O binanın üzərində xüsusi lövhlərdə müxtəlif məlumatlar yazılıb. Onlardan birində Fransa Prezidenti Şarl de Qollun 1944-cü ildə Bakıda olarkən o binada yaşadığı qeyd edilib. O vaxt Üzeyir bəy onu Opera və Balet Teatrında “Koroğlu” operasına baxmağa dəvət edib, Ş.de Qoll isə bu təklifi qəbul edib. Tabloda həmin an təsvir edilib”.

Hədiyyələr içərisində gümüş siqar qablar üstünlük təşkil edirdi. Onların bir neçəsini bəstəkara qardaşları, yaxın dostları hədiyyə edib. Qiymətli hədiyyələr sırasında Elmlər Akademiyasının alimləri, cərrah Mustafa bəy Topşubaşovun da bağışladığı dəyərli əşyalar qorunub-saxlanılır.

Üzeyir bəy mətbəxdə yalnız yemək yeməyi sevməzdi. Bu masanın ətrafı hər zaman insanlarla dolu olub. Gülnarə xanım deyir ki, Üzeyir bəy hər zaman yemək vaxtında ətrafda yaşayan imkansız ailələri, ehtiyac olan şəxsləri evinə dəvət edər, onlarla bir masaya əyləşirdi:

“Bacılarının övladları, ailə üzvləri, dostları hər zaman bu masa arxasında olardı. Hər zaman deyirdi ki, küçədə kasıb geyimli kimi görsəniz, gətirin evimdə mənimlə birlikdə nahar etsin”.

Mətbəxdə qədim əşyalar, samovarlar, mis qablar qorunur. Maraqlı əşyalardan biri isə ABŞ-da “Leonardo” firmasının istehsalı olan elektrik cərəyanı olmadan çalışan soyuducudur.

Soyuducunun birinci gözünün içərisinə buzları, ikinci gözünə isə məhsulları yığırdılar. Buz əriyərək məhsulları sərin saxlayırdı. Soyuducunun içərisində kiçik boru var və su onun içərisindən axaraq aşağıda yerləşən qaba tökülürdü.

Artıq muzeylə vidalaşmaq zamanı gəldi. Saysız-hesabsız xatirələrlə dolu evdə nə qədər dolaşsan, bir o qədər incə məqamlara rast gəlmək olur.  

63 yaşlı Üzeyir Hacıbəylinin ürəyi günbəgün zəifləyirdi. Müalicələrə baxmayaraq, təəssüf ki, ağır şəkər xəstəliyi səbəbindən onun ürəyi 1948-ci il noyabrın 23-də dayanıb. Onunla vida mərasimi Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında  keçirilib. Cənazəni o vaxt mərkəzi komitənin birinci katibi Mircəfər Bağırov da çiynində daşıyıb.

Üzeyir Hacıbəyli Bakıda Fəxri xiyabanda dəfn olunub. Xarici ölkələrdə də dahi bəstəkarımızın xatirəsi əbədiləşdirilib. 2006-cı ildə Avstriyanın paytaxtı Vyanada Donauparkda Üzeyir bəyin abidəsi qoyulub.

Könül Cəfərli
FOTO: Ramil Zeynalov